"Manatın həddən artıq bahalaşmasında hökümət maraqlı deyil". Bu sözləri Qaynar.info-ya açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev mövcud situasiyanı nəzərə alaraq ilin ikinci rübündə manatın taleyini şərh edərkən deyib.
Ekspertin bildirib ki, bazarda həm Neft fondu, həm də Mərkəzi Bank satış həyata keçirir: "3 ay ərzində Neft fondu təxminən 1.3 milyard satış həyata keçirib. Mərkəzi Bank isə 785 milyon dollar satıb. Bu birlikdə 3 ayda 2 milyard 40 milyon dollar vəsait xərclənməsi deməkdir. Mart ayında Mərkəzi Bank heç bir satış həyata keçirməyib. Ehtiyatlarını qoruyub. Statistika da göstərir ki, mart ayında Mərkəzi Bankın ehtiyatları artıb".
Ekspert qeyd edib ki, əslində aprel ayının əvvəli birinci rüb üzrə vergi ödənişləri dövrüdür: "Belə bir vəziyyətdə şirkətlərin manata ehtiyacı yaranır. Buna görə də manata tələbat artır. Bu milli valyutanın məzənnəsinə müsbət təsir göstərir. Hazırda manat qıtlığı var. İri şirkətlər vergi öhdəliklərini yerinə yetirmək üçün xarici valyutada olan depozitlərini satışa çıxarır və onu manata çevirib vergi ödəyir. Bu bazara təsir göstərən amillərdən biridir".

Samir Əliyevin bildirib ki, bank sektorunda dollarlaşma başa çatmaq üzrədir: "Bankların əllərində kifayət qədər dollar var. Dolları kredit şəklində iqtisadiyyata yönəldə bilmirlər. Çünki vətəndaşlar dollarla kredit götürmək istəmir. Bir tərəfdən Mərkəzi Bank inzibati yolla manatı azaldıb, milli valyuta qıtlığı var. Digər tərəfdən də banklar manat tapmadığına görə kreditləri dolarla təklif edir və dollarla da heç kim kredit götürmür. Müvəqqəti olaraq dollar bolluğu yaranıb. Son hərraclarda Mərkəzi Bank valyuta alışı həyata keçirib. Məzənnəni qorumaq üçün Mərkəzi Bank bir müddət də valyuta alışı həyata keçirə bilər. Çünki manatın həddən artıq bahalaşmasında hökümət maraqlı deyil. Diqqət etsək görürük ki, manat bahalaşdı və 1.50-yə çatanda yenidən ucuzlaşmağa başladı. Bu da onu göstərir ki, hökümət dolların 1.5 manatdan aşağı düşməsində maraqlı deyil. Bu interval 1.5 və 1.65 arasında oynayacaq".

Ekspert onu da vurğulayıb ki, Neft Fondunun dövlət büdcəsi qarşısında öhdəliyi var və bir ay ərzində təxminən 400 milyon civarında satış həyata keçirməlidir: "Göründüyü kimi Neft Fondu normanı və öhdəliyi yerinə yetirir. Bundan başqa fondun aprel-may aylarında özünün əlavə xərcləri var. Qaz dəhlizinin, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinə də xərclər tələb olunur. Buna görə də aprel-may aylarında Neft Fondu bazara əvvəlki qədər aktiv dəstək verməyə bilər. Bu halda əsas güc Mərkəzi Bankın üzərinə düşəcək. Manatın bahalaşması müvəqətidir. Bunu inzibati metodların təsiri kimi qiymətləndirmək olar. Aprel ayından başlayaraq manatın yenidən ucuzlaşmasını müşahidə edəcəyik".
Qafqaz Rafiqoğlu
Qaynar.info