Son zamanlar cəbhə bölgəsində atəşkəs rejiminin pozulması geniş miqyas alır. Eyni zamanda siyasətçilərin və hərbiçilərin bəyanatlarında da güc tətbiqi ritorikası daha şiddətlənir. Son olaraq, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik son zamanlar savaş riskinin artmasını dəfələrlə vurğulayıb. Həmçinin NATO-nun Cənubi Qafqaz üzrə koordinatoru Uilyam Lahyu da Qarabağda müharibə təhlükəsinin böyüdüyünü söyləyib.
Eyni zamanda Rusiyanın Ermənistana taktiki-hücum silahı olan "İskander -M" raketlərini satmaq barədə danışıqlar aparması ilə bağlı Rusiya mətbuatında məlumatların yayılması da bölgədə savaş riskini artıran səbəblərdən biri olaraq görünür. Çünki "İskander -M" raketləri Azərbaycana qarşı ciddi təhdiddir və Ermənistanın bu raketlərə sahib olduğu halda bölgədə güc balansı tamamilə pozula bilər.
Rusiya-Qərb və Azərbaycan-Qərb gərginliklərinin fonunda ABŞ-dan və NATO-dan səsləndirilən bu fikirlər nə qədər əsaslıdır və bölgədə yeni müharibə ehtimalları nə dərəcədədir?
Pia.az-ın əməkdaşı bu məsələni hərbi ekspert Azad İsazadə ilə müzakirə edib. Azərbaycanla Ermənistan arasında müharibənin başlamasının yüksək olmadığını bildirən Azad İsazadənin fikrincə, Ermənistan yalnız əhalisinin diqqətini sosial problemlərdən yayındırmaq üçün təxribatlara əl ata bilər: “Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi bağlanandan müharibənin başlaması riski hər zaman var. Sadəcə söhbət riskin faizindən gedir. Hal-hazırda Ermənistan elə bir vəziyyətdədir ki, müharibəni özünün birbaşa aparmağa imkanı olmayacaq. Rusiyanın isə, başı öz işlərinə qarışıb. Ona görə də müharibənin başlaması riski o qədər də yüksək deyil. Ermənistanda daxili vəziyyət qeyri-sabit olduğuna görə etirazlar çoxalsa, Ermənistan rəhbərliyi daxili problemlərdən diqqəti çəkmək üçün cəbhə zonasında təxribata əl ata bilər. Bugünkü böyük risklərdən biri ancaq budur".
Eyni zamanda hərbi ekspert Azad İsazadə Rusiyanın Ermənistana “İskander-M” raketlərini satmasını Azərbaycan üçün təhlükəli hesab edib: “Rusiyanın Ermənistana "İskander -M" raketlərini satması təhlükəli nüansdır. Ümumiyyətlə, “İskander-M” raketləri doğrudan da qonşu ölkələr, o cümlədən, Azərbaycan üçün də təhlükəlidir. Bundan əvvəl Ermənistanda köhnə raketlər də var və bu raketlər də Azərbaycanın bəzi ərazilərinə çata bilər. Lakin “İskander-M” raketləri daha müasir və güclüdür. Ona görə də bu ciddi təhlükəli bir faktdır. Azərbaycanda “İskander-M” raketinə qarşı əks raketlər var və onlara qarşı tədbirlər görüləcək”.
Qaynar.info