
"Ermənilərin təmas xəttindəki təxribatları Azərbaycanın xarici siyasətinə kölgə salmaq cəhdidir"
Bunu Qaynar.info-ya açıqlamasına Milli Məclisinin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə başqa dildə əmrdən söhbət gedirsə, təbii ki, bu, rus dilidir: "Bunları təxmin etmək üçün hökm deyil ki, kəşfiyyat məlumatları əldə edəsən. Cəbhə xəttində vəziyyətin gərgin olması onu sübüut edir ki, bu spontan xarakteri daşımır. Ayrı-ayrı fərziyyələrə görə, guya hansısa səhra komandirləri Sarksiyanın əmirlərinə tabe olmayıb, özbaşınalıq edirlər. Düzü, bu məlumatlara inanıb, bununların üstündə fikir yürütmək qeyri-peşəkarlıq olardı. Hətta Koçaryan rejimindən qalan hərbiçilərin, Sarksiyan rejiminə qarşı olmaları bu məsələdə ən axrıncı versiyalardan biri olmalıdır".
Deputat bildirib ki, atəşkəs rejimi dəfələrlə ermənilər tərəfindən pozulub: "Biz son iyirmi ildə atəşkəs rejiminin pozulmasını hər gün görmüşük və bunlar müxtəlif səbəblərlə bağlı olub. İlk günlər bunlar daha çox təmas ərazilərində azərbaycanlıların yaşamasına, onlar təsərrüfatla məşğul olmalarına mane törədirdilər. Bunun insanların həmin ərazilərdən uzaqlaşmasına hesablandığını təxmin edirdiksə, sonrakı dövrlər Ermənistanda siyasi böhranlar dərinləşəndə, xalqla hakimiyyət arasında uçrum yarananda Qarabağdan kart vasitəsi kimi istifadə edildiyini görmüşük. Mən təxminən 3-4 il idi ki, yerli arqumentləri qabardırdım, burada Rusiyadan və başqa ölkələrdən alınan silahların bölgədə istifadəsi və Azərbaycanın bu silahlanma yarışına qoşulması dururdu. Zənn edirəm ki, "bölgənin ağası kimdir" mesajını vermək istəyənlər bunu xanım Klintonun səfəri dövründə atəşkəsi pozmaları ilə sübut etdilər. Son hadisələrə gəlincə, Xarici İşlər Nazirlərinin görüşü və prezidentlərin bundan sonra dialoqlarının qurulması yönündə addımlar atılması dönəmində vəziyyətin belə gərginləşməsi sırf proseslərə zərbə vurmaq üçündür. Bunlar ya danışıqlarda əlavə güzəşt qoparmaq niyyəti güdür, ya da reginoda təhlükəsizliyi pozmaqla Azərbaycanı provakasiyaya çəkmək istəyirlər ki, ölkəmizin xarici siyasətinə mənfi təsir göstərsinlər. Ona görə də biz bunları özümüz üçün aid etməliyik".
Z.Oruc bildirib ki, cəbhədə baş verənlər cəmiyyətdə müəyyən narahatçılıq yaradır: "Yeri gəlmişkən, qeyd edim ki, cəbhə bölgəsində vəziyyətin dəyişməsi cəmiyyətdə narahatçılıqlar doğurur. Əlbəttə, bu xoş deyil. Təəssüf edirəm ki, geniş şəkildə regionda vəziyyətin təhlilinə dair hansısa konfransların keçirilməsini, əsgərlərimizin apardığı döyüşün siyasi hissəsinin bizlər tərəfindən aparılmasını görmürük. Mən bunun olmasını arzulayıram və təklif edirəm: Biz Qərb dairələrinə, Avropaya, elə Rusiyanın özünə bu məsələləri daha çox çatdırmalıyıq ki, onlar ermənilərin həqiqi niyyətinin nədən ibarət olduğunu bilsinlər. Monitorinq qrupunun üzvülərinə güllə atıllırsa, deməli, məsələ birbaşa Ermənistan hökümətinin özündən qaynaqlanır. Bu, təsadüfü hadisə və ya hansısa səhra komandirinin işi deyil. Ona görə də zənn edirəm ki, bundan sonra ən önəmli işimiz ermənilərin planlarını pozmaqdır".
Erkin Xəlilov
Qaynar.info