Xəbər lenti

"Vətəndaşların banklara borcu silinməlidir" - Ekspert
Ekonomiks09:15 26.05.2016

"Vətəndaşların banklara borcu silinməlidir" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Banklar indiki yanaşmanı doğru hesab edirsə, deməli bu qayda indiyə qədər banklardan borc alanlara da şamil olunmalıdır. Onların borcları silinməlidir".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov bankların istehlak kreditlərini yalnız aylıq əmək haqqı 410 manatdan yuxarı olanlara şamil etməsinə münasibət bildirərəkən deyib.
Əkrəm Həsənovun sözlərinə görə, bu qərar Maliyə Bazarlarına Nəzarət Palatasının tövsiyyəsinə əsasən həyata keçirilir: "Maliyə Bazarlarına Nəzarət Palatası elan etmişdi ki, banklar məsuliyyətli kredit sisteminə keçəcək. Bu siyasət ondan ibarətdir ki, vətəndaşın aylıq gəliri yaşayış minumumunun 3 mislindən çox olmalıdır. Yaşayış minumumu da 146 manat nəzərdə tutulur. Palata bunu banklara tövsiyə etmişdi. Banklar da məhz ona əsasən bu qaydanı həyata keçirirlər". 
Ekspert bu qaydanın düzgün olduğunu hesab edir. Ona görə ki, vətəndaşın aylıq gəliri özünə bəs etmirsə, o krediti nəyin hesabına qaytaracaq: "Azərbaycanda bu gün borcluların vəziyyətinin ağır olmasının əsas səbəbi də budur ki, banklar müştərilərin gəlirlərini düzgün qiymətləndirməyiblər. Vətəndaşlar bir növ borc bataqlığındadır. Maliyə Bazarlarına Nəzarət Palatasının, bankların kredit verilməsinə indiki yanaşmasından borclu olanlar da istifadə edə bilər. Onlar deyə bilər ki, bank vətəndaşın gəliri yaşayış minimumundan az olduğu halda ona kredit vermirsə, onun kredit qaytarmaq qabiliyyətini tanımırsa, mən hardan verim? Banka borcu olan vətəndaş 300 manat əmək haqqı alırsa, necə qaytarsın? Belə borclar silinməlidir. Əgər banklar indiki yanaşmanı doğru hesab edirsə, deməli bu qayda indiyə qədər banklardan borc alanlara da şamil olunmalıdır. Onların borcları silinməlidir".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az