
Tenderlərdə qalib olan MMC-lər kimə məxsusdur?
Masallı rayon icra hakimiyyəti başçısı Rafil Hüseynovla bağlı daha bir iddia ortaya çıxıb.
Qaynar.info bizimxeber.az-a istinadən məlumat verir ki, icra başçısı rayonda müxtəlif işlərin görülməsi adı altında aparılan "tender oyunları"ndan kənarda qalmayaaraq, böyük məbləğdə vəsaitləri mənimsəyib.
Belə ki, Rafil Hüseynovun icra başçısı olduğu Masallı rayonuna təkcə 2013-cü il ərzində kəndlərarası yolları təmir etmək üçün daxil olan vəsaitlər göz qamaşdırır. Ancaq buna baxmayaraq, kəndlərarası yollar hələ də barbad gündədir.
Bu sahəyə ayrılan pullar isə olduqca böyük məbləğdən ibarətdir. Həmin rəqəmləri təqdim edirik:
-Masallı rayonunda Həsənli-Xırmandalı kəndlərarası avtomobil yolunun təmir işlərinin aparılması üçün ”Elnur-2″ UİKŞ -ə 1082563 manat,
-Kürdəbaz-Qarğalıq kəndlərarası avtomobil yolunun təmir işlərinin aparılması üçün yenə “Elnur-2″ UİKŞ -ə 595240 manat,
-Musaküçə-Lürən kəndlərarası avtomobil yolunun təmir işlərinin aparılması üçün yenə də “Elnur-2″ UİKŞ-ə 1846360 manat,
-Seybətin-Səmidxan-Alışanlı-Ətcələr kəndlərarası avtomobil yolunun təmir işlərinin aparılması üçün ”Bayram-M” şirkətinə 445396.92 manat,
-Qərbilər-Qodman kəndlərarası avtomobil yolunun təmir işlərinin aparılması üçün bir daha “Elnur-2″ UİKŞ-ə 445720 manat,
-Sərçuvar-Sirəbil kəndlərarası avtomobil yolunun təmir işlərinin aparılması üçün “Bayram-M” şirkətinə 196897.36 manat
Sayt iddia edir ki, bir il ərzində yarım milyon manat yalnız kəndlərarası yolların təmirinə vəsait aylılıb. Bu pullarla nəinki yolları təmir etmək, hətta yenidən yollar çəkmək olardı. lakin Masallıda bunun tam əksi baş verib. Yəni hələ də kəndlərarası avtomobil yollarında vəziyyət acınacaqlıdır.//Bizimxeber.az