Xəbər lenti

Rafiq Tağının qardaşı cinayətkar dəstədən prezidentə şikayət etdi
Ölkə13:41 21.04.2015

Rafiq Tağının qardaşı cinayətkar dəstədən prezidentə şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məni aldadıb saxta yolla mənzil satan cinayətkar şəbəkənin üzvləri yüksək vəzifəli şəxs və ya şəxslər tərəfindən himayə olunurlar. Əks təqdirdə belə cinayətkar qruplaşmanın ifşası bir gündən artıq çəkməməliydi və dələduzlar cinayət məsuliyyətindən kənarda qalmamalıydılar".
Anspress-in məlumatına görə, bu sözlər Bakı sakini İlqar Tağıyevin prezident İlham Əliyevə göndərdiyi şikayət məktubundadır.
Dövlət başçısı ilə yanaşı məktubun sürətini milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova göndərdiyini deyən İlqar Tağıyev mütəşəkkil cinayətkar dəstə üzvləri barəsində tədbir görülməməsindən şikayətlənir: 
Məktubu olduğu kimi təqdim edirik: 
"Mən artıq onuncu aydır ki, mütəşəkkil cinayətkarlıq faktıyla üz-üzə qalmışam. Mənzil şəraitimi yaxşılaşdırmaq üçün keçən ilin əvvəlində satdığım köhnə mənzilimin puluyla yenisini almaq istəyirdim. Bu məqsədlə daşınmaz əmlak ağentliklərinə müraciət etmişdim. Həsənov Vüsal adlı şəxs (sonradan onun əsl adının Qasım olduğu müəyyənləşdirilib) daşınmaz əmlak vasitəçılərı Mehdiyev Saleh və İsmayılov İlqar ilə əlbir olub 27.07.2014-cü il tarixdə başqasına məxsus olan mənzili öz mənzili adıyla mənə saxta sənədləşmə yoluyla satıb, 99 m.man. məbləğdə pulumu mənimsəmiş və beləliklə, mən faktiki olaraq mənzilsiz qalmışam. Mənzil sahibi kimi özünü təqdim edən Vüsal Həsənov başqasına məxsus təmirli mənzili vasitəçilərlə birlikdə əvvəl mənə göstərmiş, mənzilin qiymətini mənimlə razılaşdırmiş və başqa dələduz həmkarlarıyla əlbir olub, adıma saxta alqı-satqı əməliyyatı apararaq məni aldatmışlar. Belə ki, o, saxta sənədləşmə əməliyyatından bir gün əvvəl "Dağlar" MTK-nın inşa etdiyi, Nərimanov rayonu Təbriz küçəsi 63-də yerləşən 32 saylı 2 otaqlı mənzilin guya qohumu Hümbətov Səbuhinin adına olduğunu mənə bildirmişdi. Səhərisi gün Vüsalın, Salehin və İlqarın iştirakıyla Səbuhi Hümbətov adına yazılmış sənədləri gətirib mənə göstərdi. Elə həmin gün sənədləşmə MTK-nın sədri Şahin Əliyev vasitəsilə MTK-nın daxili qaydalarıyla və Xətai rayonunda yerləşən 6 saylı Notariat kontorunda (müdiri İmanov Ərəstun Loğman oğlu) təsdiq olunmaqla aparıldı. Sənədləşmə aparıldıqdan sonra mənzilin dəyərləndirilmiş 99 min.manat məbləği bilavasitə Həsənov Vüsala vasitəçilərin şahidliyilə mənim tərəfimdən verilmişdir. Sənədləşmədən sonra Vüsal mənzili 10 gün ərzində mənə təhvil verəcəyini bildirsə də, müxtəlif bəhanələrlə yubadırdı. Bir müddət sonra mənzilin sahibinin tamam başqa adam olduğunu müəyyən etdim. 
Bu mütəşəkkil cinayət işilə bağlı 102 xidmətinə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət etdim. Sonra müraciətim istintaqın aparılması məqsədi ilə Yasamal Polis idarəsinə göndərildi. Yasamal Prokurorluğu tərəfindən 178.3.2. maddəsilə cinayət işi açılıb, cinayətkarların tapılması üçün Yasamal Polis idarəsinə icraata göndərilsə də bu iş yarımçıq saxlanıldı. Yeddi ay əvvəl əsassız olaraq mənim şikayətim Baş prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən "Dağlar" MTK-yla bağlı başqa cinayət faktlarıyla birgə baxılacağı adıyla alındı. Belə ki, mənim üzləşdiyim cinayət əməli korrupsiya faktı yox, aşkar dələduzluq əməlidir. Baş vermiş dələduzluq faktında əli olanlar barədə də Yasamal Prokurorluğu tərəfindən cinayət işi açılmışdı və onlar cinayət məsuliyyətinə cəlb olunmaq ərəfəsindəydi. Mən mənzili həmin MTK-dan yox, özünü mənzil sahibi kimi təqdim edən şəxsdən almaq istəmiş və göstərilən məbləği həmin şəxsə vermişəm. O isə bu məbləğı onunla əlbir olmuş 4 nəfərlə öz aralarında bölüşmüşlər. Həmin məbləğ 27000 dollar- Səbuhiyə, 37000 AZN- vasitəçilər olan Salehlə İlqara və 35000 AZN- Sahib adlı şəxsə çatdırılmaqla öz aralarında bölüşdürülüb. Bunu sübut etməkçün istintaqa təqdim olunmuş kifayət qədər dəlillər var. Korrupsiyaya qarşı mübarizə idarəsində çoxsaylı görüşlərə baxmayaraq hələ də heç bir qənaətbəxş cavab ala bilməmişəm. Çoxsaylı teleqramlar müqabilində Baş Prokurorla, yaxud Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi ilə görüşüm ciddi-cəhdlə təmin edilməyir. Keçirilən başqa görüşlərsə şablon xarakterli olmuşdur və sanki cinayətkarlara vaxt qazandırmaq məqsədi daşıyır. Məndən pulu alan əsas şəxs Həsənov Vüsalsa 7 aydır ki, nədənsə, tapılmır. Cinayət əməli ilə bağlı əldə tutarlı dəlillər olsa da, konkret əməli iş görülmür. Bu vaxtadək ən azı bu işdə əli olan başqa dələduzlar barədə həbs-qətimkan tədbiri seçilə bilərdi, halbuki, onlar 10 aydır ki, sərbəst həyatlarını sürməkdədirlər. Mən artıq əmin oluram ki, məni aldadıb saxta yolla mənzil satanlar hansısa cinayətkar şəbəkənin üzvləridir. Onlar yüksək vəzifəli şəxs və ya şəxslər tərəfindən himayə olunurlar. Əks təqdirdə belə cinayətkar qruplaşmanın ifşası bir gündən artıq çəkməməliydi və dələduzlar cinayət məsuliyyətindən kənarda qalmamalıydılar. Mütəşəkkil dəstənin çoxsaylı üzvü olsa da, bu mütəşəkkil dələduzluq əməli ancaq MTK sədri üzərində fokuslanır və qalanlarını cinayətkar əməllərindən yayındırmağa cəhd edilir. Cənab Prezident! Bu cinayət əməlinə operativ və ədalətli hüquqi qiymət verilməsi üçün müvafiq göstərişlərinizi vermənizi xahiş edirəm".
Qeyd edək ki, İlqar Tağıyev 2011-ci ildə qətlə yetirilmiş yazıçı, publisist Rafiq Tağının qardaşıdır. Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı açılan cinayət işi də hələ açılmayıb.
Qaynar.info