Macarıstandan ekstradisiya olunan və prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan mayor Ramil Səfərovdan xəbər var.
Mayor Səfərov bu gün döyüş əhval-ruhiyyəsi ilə seçilən və bu səbəbdən son dövrlər adı tez-tez hallanan “Army Market” alış-veriş mərkəzində olub.
Hadisə yerində olan əməkdaşımız bildirib ki, mayor, atası Sahib Səfərovla birgə ilk olaraq marketin müdiri ilə görüşüb, daha sonra satıcı və alıcılarla xeyli söhbət edib. Səfərov daha sonra alış-veriş etmədən onu müşayiət edən mühafizəçilərin müşayiəti ilə məkanı tərk edib. Marketin rəhbərliyi tərəfindən əvvəlcədən verilən tapşırıq əsasında çəkiliş aparmaq qadağan olunduğundan onun şəklini çəkmək istəyimiz isə heç cür baş tutmayıb.
Qeyd edək ki, Biləcəri qəsəbəsində yerləşən “Army Market”lə bağlı dəfələrlə reportaj hazırlanıb. Belə ki, kassirdən tutmuş, satıcılara qədər hər kəsin hərbi geyimdə olması, marketin girəcəyində qoyulan əsgər maketləri, tavandan asılan hərbi təyyarə maketi, tanklar marketə ilk dəfə daxil olan hər kəsdə böyük maraq yaradır. //Qafqazinfo