
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı 9 Mayın Qələbə günü kimi qeyd olunmaması təşəbbüsü ilə çıxış edib.
Qaynar.info-nun verdiyi xəbərə görə bu barədə Ramin Hacılı facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib: "Biz Avropa tarixində baxsaq görərik ki, II Dünya müharibəsindən sonra xalqlar arasında barışı təmin etmək üçün qalib və ya məğlub tərəflərin olmaması qərara alınıb. Xalqlar üzərində hegomoniyasını təmin etmək üçün SSRİ rəhbərliyi 9 mayı Qələbə Günü kimi təntənəli şəkildə qeyd edirdi. Azərbaycanın öz müstəqilliyini qazandıqdan sonra bu ənənəni davam etdirməsi anlaşılan deyil, çünki öz milli dövlət təhlükəsizliyi konsepsiyasında Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutduğunu bəyan edib. Bu halda qalib və məğlub anlayışlarının mövcud olması qətiyyətlə inkar olunmalıdır".
Hərəkat rəhbəri bildirib ki, 9 may Avropa günü kimi qeyd olunmalıdır: "Mən təklif edirəm ki, 9 May Qələbə günü kimi deyil, bu savaşda həyatını itirənlərin və müharibə veteranlarının yad olunması üçün xatirə mərsimi təşkil olunmaqla, sülh günü (Avropa günü) kimi qeyd olunsun. II Dünya müharibəsinin başa çatması dünyaya müharibə və işğalçı tezislərlə hökm etmək iddiası ilə çıxış edən faşist sistemlərin sonu oldu. Bu isə barışın başlanğıcı idi. Biz sülhün vacibliyi üçün, hər hansı bir xalqla aramızda diskriminasiyanın olmaması üçün vahid Avropa ailəsində öz mədəniyyəti ilə mövcud olan demokratik Azərbaycan üçün qələbə ehtirasımızı sülh sevgimizlə əvəz etməliyik".
Qeyd edək ki, artıq neçə ildir Azərbaycanda və bir çox keçmiş potsovet ölkələrində 9 May Qələbə günü kimi qeyd olunur.
Qaynar.info