Ümid Partiyasının sədr müavini Ramin Hacılının bu günlərdə Fransaya gedib. Bəzi iddialara görə, partiya sədrinin müavini bu dəfə mühacirət məqsədi ilə ölkəni tərk edib.
Xatırladaq ki, ötən il parlament seçkilərində namizədliyini irəli sürən Ramin Hacılı seçkilərə bir neçə gün qalmış gözlənilmədən, müəmmalı şəkildə ölkəni təcili tərk etmişdi. Bəziləri onun kimlərəsə külli miqdarda pul borclu olduğu üçün ölkədən qaçdığını iddia etsələr də, sonradan R.Hacılı öz facebook səhfəsində açıqlama yayaraq şəxsi məsələlər ilə bağlı Türkiyədə olduğunu bildirmişdi. Onun qısa zamanda vətənə geri dönməsi haqqında yayılan şayiələrə son qoymuş oldu.
Bu günlərdə isə qaynar.info saytında onun həmin ərəfədə ölkəni təcili tərk etməsinin əsl səbəbləri barədə məlumat yayıldı. Ramin Hacılı məlum yazıda hansısa hakerlərin onun komputerinə daxil olmasından, şəxsi məlumatları ələ keçirməsindən və təhdid olunmasından söz açmışdı. Bunun ardınca isə adı çəkilən sayt haker hücumlarına məruz qaldı. Məlumata görə, hakerlər öncə həmin yazını, daha sonra isə saytda olan bütün server məlumatları, script və arxivi silməyə nail olublar. Onu da vurğulayaq ki, saytda gedən həmin məlumatda Ramin Hacılı zamanında ona yetərincə dəstək olmadığı üçün Ümid Partiyasının sədri İqbal Ağazadə barəsində gileyli açıqlamalar bildirib. Bütün bunlar ictimaiyyətdə müxtəlif sualların yaranmasına səbəb olub. Ramin Hacılı Fransaya mühacirətə gedib? O, bundan sonra partiyada fəaliyyətini davam edəcəkmi?
Məsələ ilə əlaqədar R.Hacılı sosial şəbəkə üzərindən suallarımızı cavablandırıb. O, Fransaya getməsinin əsl səbəbini açıqlayıb:
“Hər kəs bilir ki, mən istəsəm Fransada və ya digər Avropa ölkələrində rahatlıqla qalıb, yaşaya bilərəm. Çünki həmin ölkələr çox maraqlıdırlar ki, bacarıqlı insanları özlərinə cəlb etsinlər. Mənim ictimai-siyasi statusum buna imkan verir. Həmçinin razılıq alıb ailəmi də yanıma gətirib, çox qısa zamanda bu məsələləri həll edə bilərəm. Lakin, bu, mənim yolum deyil. Mənim hədəflərim, arzularım Azərbaycanla bağlıdır. Mən ölkəmdə yaşamaq, yaratmaq, faydalı olmaq istəyirəm və bunun üçün çalışacam.
Mənim Fransaya səfərim Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Diqqət Azərbaycana!” layihəsinin həyat keçirilməsi ilə bağlıdır. Layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı materiallar yaymaq, ictimai fikir yaratmaq, Azərbaycanı qərb dünyasına yaxınlaşdırmaqdır”.
Ramin Hacılı fevralın 12-də Bakıya geri dönəcəyini deyib. O, həmçinin partiya sədri ilə aralarında yaranmış inciklikdən də söz açıb: “Hər hansı bir küsüşmədən söhbət gedə bilməz. İqbal Ağazadə ilə münasibətlərimiz normaldır. Biz ictimai fiqurlarıq və ictimaiyyət qarşısında öz fikirlərimizi açıq şəkidlə bildirməliyik. Zamanında ölkəni təcili tərk edərkən barəmdə yayılan şayiələrə birmənalı şəkildə rədd cavabı verilməmişdi. Bu, təbii ki, öz partiyasından dəstək gözləyən birisi üçün narahatlıq və inciklik yaradır”.
Ramin Hacılı buna baxmayaraq partiyadakı fəaliyyətinə davam edəcəyini deyib: “Düşünürəm ki, həm partiya üçün mənim faydalılığım, həm də partiyanın mənə verdiyi güvənc bundan sonra da davam edəcək. Bir siyasi komanda olaraq fəaliyyətimizə birgə davam edəcəyik”.
Bildirilir ki, R.Hacılının xanımı Aysel Əlizadənin də mobil nömrəsi və kompüteri, facebook və e-mail adresləri dəfələrlə haker hücumuna məruz qalıb, parolları ələ keçirilib. Bu barədə A.Əlizadə musavat.com-a açıqlamasında bildirib: “Hətta mobil nömrəm başqa şəxsin adına keçirilmişdi. Sonradan bunu araşdırdıqda şirkət və nömrəmin adına keçməsindən xəbərsiz olan həmin şəxs bu işin necə həyata keçirildiyinə məəttəl qalmışdı. Beləliklə, bununla bağlı müəyyən tədbirlər gördük, nəticədə nömrəm yenidən mənim adıma keçdi, parollarımı geri ala bildim”.
Aysel Əlizadə Ramin Hacılı ilə İqbal Ağazadə arasında yaranmış incikliyi mətbuatdan öyrəndiyini deyib: “Küskünlüyü mən də hiss etdim. Bu hadisələr barəsində qaynar.info saytında dərc edilən yazıdan öyrəndim. Ona qədər bu məsələ barəsində aramızda dərin müzakirə olmamışdı. Görünür ki, fəaliyyət göstərdiyi partiyadan, təşkilatdan dəstək gözləyir. Bəlkə də o dəstəyi hiss etmədiyi üçün incikliyi var. Ramin dostluğa, işinə, iş yoldaşlarına qarşı çox sədaqətli adamdır”.
Onu da əlavə edək ki, bəzi mənbələr qaynar.info saytının haker hücumuna məruz qalmasının heç də Ramin Hacılı ilə əlaqəsi olmadığını iddia edirlər. Səslənən fikirlərə görə, bu, bir müddət öncə saytda yayılan aksiya xəbərləri ilə bağlıdır. Məlum olduğu kimi, bu günlərdə adı çəkilən saytın baş redaktoru Zahir Əzəmət aksiya xəbərlərinə görə Baş Prokurorluğa çağrılmışdı. Baş redaktor bununla bağlı musavat.com-a danışaraq məsələyə aydınlıq gətirib:
“Düşünməzdim ki, belədir. Əgər aksiya xəbərlərinə görə hücum olsaydı, hakerlər həmin xəbərləri silərdilər. Məhz məlum yazıdan sonra saytımıza haker hücumu oldu. Bundan sonra avqust da daxil olmaqla ona qədər olan mətnləri bərpa edə bilsək də, ondan sonra yerləşdirilən məlumatların bərpası mümkün olmadı. Azərbaycanda müəyyən qurumlar var ki, onlar silinən mətnləri yenidən bərpa edə bilirlər. Hazırda onlarla danışıqlar aparmağa çalışırıq ki, son 3 ayda olan materialları geri qaytara bilək.
Ümumilikdə hiss olundu ki, bu, çox yüksək səviyyədə təşkil olunan hücumdur. Çünki bizim proqramçılar saytımızı yüksək səviyyədə qoruyurlar. Təsəvvür edin ki, hakerlər hansı proqramla hücum ediblərsə biz onun qarşısını ala bilmədik. Hər şey ani baş verdi. Bu, hücumdan daha çox ağıllı və hiyləgər plan idi.
Saytı qismən bərpa etdikdən sonra Ramin Hacılının açıqlamasını təkrarən yayımladıq. Buna qədər isə həmkar saytlardan xahiş etdik ki, yazı tirajlansın. Saytlara hücum edənlər anlamalıdırlar ki, bir saytı sıradan çıxarmaqla problemin ictimailəşməsinin qarşısını ala bilməzlər”.
Qaynar.info