Ölkə 16:02 16.06.2022

Ramin Hacılının səhhəti pisləşdi - 25 kilo çəki itirib

Hazırda Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının səhhətində ciddi problemlər yaranıb.

Bu barədə Qaynarinfo-ya ictimai fəalın anası Hürü Hacıyeva məlumat verib.

"Oğlumla təcridxanada görüşən zaman Raminin anası olaraq onu tanıya bilmədim. Ramin o qədər arıqlayıb ki, səhhətində ciddi problemlərin olduğu, təcili müayinə-müalicəyə ehtiyacı olduğu aşkar görülməkdədir. Təxminən 25 kq çəki itirən Ramin bildirir ki, xroniki halsızlıq, tez-tez başgicəllənməsi kimi hallar getdikcə intensivləşir. Bundan başqa, Raminin gözündə olan zəiflik daha da artır və artıq görməmə halına çatmaqdadır. Belində olan ağrılarla bağlı saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində və Bakı İstintaq Təcridxanasında etdiyi müraciətə əsasən, qrija olma ehtimalı irəli sürülüb. Ancaq hər hansı müalicə təyin edilməyib. Sürətlə çəki itirməsinin səbəbləri barədə isə həkimlərin hər hansı konkret fikri yoxdur. Ramin qısa müddət ərzində belə arıqlamasının, başgicəllənmə və halsızlığının bilmədiyi ciddi xəstəliklə əlaqədar olduğu qənaətindədir. Bunun yoxlanması, müayinəsi və müalicəsi, zərurət olduğu halda əməliyyatı isə saxlanıldığı müəssisədə mümkün deyil" - Hürü xanım bildirib.

Ramin Hacılının anası onu da bildirib ki, R.Hacılı müayinə və müalicə olunmazsa, səhhətinin daha da pisləşəcək: " Məsələ ilə bağlı Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı
Ceyhun Həsənova da yazılı müracit ünvalayıb, xahiş etmişəm ki, Raminin Penitensir Xidmətin Müalicə Müəssisəsinə  köçürülməsi barədə müvafiq göstəriş versin".

Qeyd edək ki, Ramin Hacılı qanunsuz miqrasiyada ittiham olunur. R.Hacılı və bir qrup şəxs Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) maddəsi ilə təqsirləndirilərək istintaqa cəlb olunublar. Sonradan digər şəxslər azadlığa buraxılsa da, R.Hacılının işi ayrıca icraata verilib.