Gələn həftədən “Yeni Müsavat” qəzeti və “Musavat.com” saytının kollektivi Nəqliyyat Nazirliyi qarşısında etiraz aksiyalarına başlayır. Bakı meriyasına bununla bağlı müraciət olunub.
Aprelin 25-də “Yeni Müsavat” qəzetinin reportyoru Fərahim İlqaroğlu Bakıda döyülüb. Mayın 6-da polis jurnalisti döyən 24 yaşlı Feyruz Termişini tutub. “Yeni Müsavat”ın rəhbərliyi belə hesab edir ki, jurnalist nəqliyyat naziri Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun sifarişi ilə döyülüb.
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu iyunun 27-də “Musavat.com”a deyib ki, Aynar Məmmədovun qanun qarşısında cavabdehliyinə mane olurlar: “Biz bilirik ki, Aynar Məmmədovu qoruyan onun qüdrətli bir nazirin birinci dərəcədən qohumu olmasıdır. Məhz buna görə də indi Aynarın yox, nazir Ziya Məmmədovun üstünə gedirik.
Hörmətli Ziya müəllimdə əsl dövlətçilik ruhiyyəsi olsaydı, ilk növbədə özü tələb edərdi ki, Aynar cəzalandırılsın. Fərahim bir traktorçunun - zəhmətkeşin oğludur, özü də zəhmətkeşdir. İki yerdə işləyir ki, ayaqda dursun, ev alsın, ailə qursun, üstəlik, kasıb valideynlərinə də yardım etsin. Son dərəcə yüksək intellektə, peşəkar jurnalist göstəricilərinə sahibdir. Belə bir nümunəvi vətəndaşa məmur övladı əl qaldırır və bütün dövlət ərkanı da bunun qarşısında sükut edir. Mən hörmətli Ziya bəyi, Aynarın valideynlərini insaf və vicdana, Allahdan qorxmağa çağırıram. Gələn həftədən periodik aksiyalara başlayırıq”.
Qaynar.info