
Partiyaya çevrilməyə hazırlaşan REAL hərəkatı hakimiyyət proqramının növbəti bölümünü açıqlayıb. REAL hərəkatı 2008-ci ildə yaradılıb. Qurumun lideri İlqar Məmmədov ötən il İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub.
Qaynar.info REAL Hərəkatının Qarabağ münqaişəsinə aid bölümünü oxuculara təqdim edir.
Qarabağın işğaldan azad edilməsi və işğal olunmuş ərazilərin Azərbaycan dövlətinin nəzarəti altına qaytarılması REAL-ın ən başlıca məqsədlərindəndir. REAL hesab edir ki, ərazi bütövlüyümüzü bərpa etmək üçün ordumuzun güclü və nizamlı, xarici siyasətin yetkin olması ilə yanaşı dünyada Azərbaycanın demokratik dövlət imici təşəkkül tapmalıdır. Bunun üçün cəmiyyətdə sosial-siyasi barışa nail olmaq qərəkir.
REAL Qarabağ probleminin sülh yolu ilə həll olunmasına tərəfdardır. Qarabağa Azərbaycan konstitusiyası çərçivəsində özünüidarə imkanları tanınacaq və erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinə və haqlarına tam təminat veriləcək. Bununla yanaşı REAL hesab edir ki, Qarabağ ərazisində hər hansı xarici ölkənin sülhməramlı qüvvələrinin yerləşdirilməsi və Qarabağın Azərbaycandan ayrılması ilə bağlı hər hansı referendumun keçirilməsi danışıqların predmeti ola bilməz. Azərbaycan yalnız Avropa Birliyinin sanksiyalaşdırdığı və bu qurumun öz üzvlərinin formalaşdırdığı yüngül silahlanmış polis funksiyasını yerinə yetirən sülhməramlı qüvvələrin Qarabağ ərazisində yerləşdirilməsinə razı ola bilər. Bu halda da ölkəmiz “sülhməramlı” qüvvələrin bölücülüyün təhlükəsizlik çətirinə çevrilməsinə imkan verməyəcək.
Sülh danışıqlarının tərəfdarı olmaqla yanaşı REAL hesab edir ki, bu danışıqların həm formatı həm məzmunu dəyişməlidir. ATƏT-in Minsk Qrupu çərçivəsində həyata keçirilən danışıqlar tematik olaraq bir-birindən ayrılmalı və hər mövzuya görə siyasi cavabdehliyi olan şəxslər təyin edilməlidir. Beləliklə REAL iqtidarı danışıqların dörd paralel xətlə aparılmasına çalışacaq.
Bakı və İrəvan arasında danışıqlar. Ölkə başçıları və xarici işlər nazirləri səviyyəsində həyata keçiriləcək Bakı-İrəvan danışıqlarının bircə əsas mövzusu olacaq: Ermənistan ordusunun ölkəmizin işğal altındakı ərazilərindən çıxarılması. Ermənistan bu ifadəyə qarşı olduğu təqdirdə danışıqlar Ermənistanın öz vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərməməyi mövzusunda aparılacaq. Dağlıq Qarabağın gələcək statusunun İrəvanla müzakirədə razılaşdırılması danışıqlar mövzusu olmamalıdır, çünki Qarabağ hüquqi olaraq bizim ərazi hesab olunur.
Azərbaycanın ATƏT-in Minsk Qrupu ilə dialoqu. Minsk Qrupu ilə rəsmi Bakı Qarabağ münaqişəsi çərçivəsində yalnız regional təhlükəsizlik mövzusunu müzakirə edəcək. Azərbaycan tərəfi olaraq REAL iqtidarı dövründə miqyaslı hərbi əməliyyatlara başlanılmayacağı təminatı veriləcək. Ermənistanın işğalçı siyasətini iqtisadi sanksiyalar vasitəsiylə cəzalandırılmasına üstünlük veriləcək.
Ermənistan bizim torpaq ərazilərimizi işğal etsə də, hava məkanımız dövlətimizin nəzarətindədir. Ermənistanın hava məkanımıza daxil olma cəhdi hərbi əməliyyatların başlanması anlamına gələcək və atəşkəsin pozulmasına görə üzərimizdən bütün məsuliyyəti götürəcək. Bununla yanaşı Xocalı hava limanında yalnız Azərbaycana məxsus nəzarət-keçid sistemi yaradıldığı təqdirdə onun mülki məqsədlər üçün istifadəsi mümkündür.
İcmalararası dialoq. Dağlıq Qarabağda və ümumən tarixi Qarabağ ərazilərində yaşamaq hüququ olan erməni və azərbaycanlı vətəndaşlarımızın icma və digər qurumları arasında barış dialoquna rəsmi Bakı olaraq dəstək və yardımımızı əsirgəməyəcəyik. Rəsmi Bakının Qarabağın erməni icması ilə danışıqlar aparması yalnız Qarabağdan qovulmuş azərbaycanlı icmasının erməni icması ilə danışıqlar aparması şərti ilə mümkündür.
Qarabağın erməni icması ilə dialoq. Növbəti istiqamət Dağlıq Qarabağın hər iki icması ilə Bakının ayrı-ayrılıqda aparacağı danışıqlardan ibarət olacaq. Bu danışıqları aparmaq məqsədilə Daxili İşlər Nazirliyi, Ədliyyə, İqtisadiyyat və digər nazirlikləri təmsil edən məsul şəxslər təyin ediləcək. Burada danışıqların əsas mövzusu bölgənin statusu və hər iki icmanın təhlükəsizliyinə təminat məsələsi olacaq. Xarici İşlər Nazirliyi bu mövzuda danışıqlar prosesdə iştirak etməyəcək.
REAL hesab edir ki, yeni biçimdə həyata keçirilən danışıqlar həm şəffaflıq qazanacaq, həm daha böyük sayda cavabdeh şəxsin ictimai məsuliyyətini artıracaq, həm də sivil toplum təmsilçiləri arasında dialoq üçün daha geniş fürsətlər açacaq.
Qaynar.info