Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında baş tutan "Real" PSJ matçından sonra fransız klubunun paltardəyişmə otağında gərginlik yaşanıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra PSJ-nin soyunub-geyinmə otağında braziliyalı ulduz Neymarla qapıçı Canluici Donnarumma arasında gərginlik yaşanıb. Komanda yoldaşlarının mübahisəsi sonradan davaya çevrilib.
Hər şey Neymarın italyan qapıçıya buraxdığı ilk qolla bağlı iradını bildirməsi ilə başlayıb. Cavabında Donnarumma bildirib ki, Madrid klubu ikinci qolu məhz Neymar topu itirdikdən sonra vurub. Yüksək səslə mübahisə sonradan futbolçular arasında davaya çevrilib. Nəticədə PSJ-nin digər futbolçuları onları ayırmalı olub.
Qarşılaşmada ispan klubu iki oyunun nəticəsinə görə (3:1, 0:1) qalib gələrək 1/4 finala yüksəlib.
Səbuhi Həsənov