
UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin birinci oyun günündə keçirilmiş Azərbaycan – Portuqaliya qarşılaşmasında U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib.
Qaynarinfo.az saytı xəbər verir ki, AFFA-nın saytı bu barədə xəbər verib.
Daha sonra AFFA-nın saytı qeyd edib: "İndiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınmışdı – 24 min nəfər".
Yalan. Ağ yalan... Əvvəla başlayaq 33 mindən. Bəli, rəsmi statistikaya görə rəqəmlər doğru səslənə bilər. Ancaq nə cür, hansı yolla bu 33 min rəsmi statistikada əks olunub? Axı biz də o stadionda yerimizi alıb əyləşənlərdən biri olmuşuq. Biz öz gözümüzlə 33 min azarkeşi orda görməmişik.
Məsələ burasındadır ki, rəsmi statistikada əksini tapan 33 min biletin hamısı satılmayıb. Bu biletlər ilk növbədə SOCAR və ondan asılı olan bəzi qurumlara pay olaraq verilir. Təxminən 15 min bilet. (Ola bilər ki, bir qədər çox dedim, aşağı-yuxarı söhbəti var - S.T.) Gəlmək istəyənlər gəlir, gəlmək istəməyənlər məcburi gətirilir və ya 3-cü variant kimi həmin biletlər həmin qurumların zibil qutularına atılır.
Bəzi dövlət qurumları üçün məqsəd əsas ora gəlməkdir. 10 dəqiqə və ya 1 hissə oyun izlədikdən sonra getməkdə sərbəstsən. Qoy, görünsün ki, futbola maraq var və hamı stadiona axışır. Axı, ölkə başçısı da orda olacaq...
Qalan 18 minin tam yarısı, bəlkə də bundan da çoxu Röyanın 10-15 dəqiqəlik mahnı oxumasına görə gəlir. Açılış mərasiminə ölkənin 1 nömrəli müğənnisini çağırmaqla ictimaiyyətin diqqətini çəkmək çox asandır. Yarım saatı 5 minə oxuyan Röyanın konsertinə 20-30 manat verib gedirdinsə, indi 2 manat verib onun mahnısını eşitmək imkanı əldə edirsən. Üstəgəl, ortada bonus olaraq Miri Yusif də var.
Halbuki AFFA açılış mərasiminə gələnlərin məyus olmasına səbəb oldu. Yox, oyuna görə yox, Röyanın turnirin mahnısından əlavə heç nə oxumamasına görə. Bəziləri məhz buna görə acıqlanıb stadionu tərk etdi, bəziləri də onsuz da elə açılış mərasiminə görə gəlmişdi. Oyuna görə gələnlərin çoxu isə artıq ilk hissə bitdikdən sonra stadionu tərk etdi. Çünki Portuqaliya artıq millimizi hesabda 3:0 "döyəcləyirdi".
Digər bir məqam ondan ibarətdir ki, Avropanın heç bir ölkəsində nəinki 17 yaşadək, heç 19 yaşadək futbolçulardan ibarət yığmaların turniri ciddi qəbul edilmir. Yalnız U-21-lərin oyununa qismən maraq olur. Və Avropanın heç bir ölkəsində prezidentə yarınmaq üçün bu turniri keçirib "baxın, biz daha bir mötəbər turnirə ev sahibliyi edirik" deyə bar-bar bağırmırlar. Ona görə də Avropada açılış mərasiminə az adamın gəlməsi, az biletin satılması (sözün həqiqi mənasında satılmasından söhbət gedir, daha bizdəki kimi yox - S.T.) mümkündür.
Fikir verin, yalnız Almaniyadakı final oyununa 7 il əvvəl 24 min azarkeş gəlib. Bu qədər azarkeşin stadiona toplaşmasının səbəbi isə finalın 1 iştirakçısının meydan sahibi Almaniya olması olub. Bəs biz hansı günümüzə bu qədər azarkeş toplaya biləcəyik? Heç əsas millimizin oyununda stadionu doldura bilmiriksə...
Bizdə final mayın 21-dədir. Həmin finalda dəqiq Azərbaycan yığması olmayacaq. Ancaq istəyir finalda Almaniya, İngiltərə, İspaniya, İtaliya, Hollandiya kimi komandalar olsun, nəinki 33 min, heç 24 min azarkeşi Bakı Olimpiya Stadionunda görməyəcəyik.
...Yox, ya da görə bilərik. Yalnız SOCAR hesabına...