Bu gün "Qarabağ" 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.
Qaynarinfo klubun rəsmi saytına istinadla xəbər verir ki, 2013-2016-cı illərdə "Qarabağ”da 87 oyunda 43 qolla yadda qalan Reynaldo Silva yenidən kluba qayıdıb.
Futbolçu ilə 2.5 illik müqavilə imzalanıb. Reynaldo qayıdışı haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:
"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbrsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".
Qeyd edək ki, "Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan 29 yaşlı futbolçunun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bu ay başa çatmışdı.