
“Günün birində Roma Papasına Varfolomey gecəsini xatırladarlar”.
Bunu avrasiya.net-ə Müstəqil Mətbuat Mərkəzinin rəhbəri, tanınmış politoloq Elçin Xalidbəyli Roma Papası Frensisin Vatikanda erməni katoliklərinin XIX Kilikya katolikos-patriarxı Nerses Bedrosun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən növbəti dəfə qondarma “erməni soyqırımı”nı tanıdığını təsdiqləməsinə münasibətində deyib.
E.Xalidbəyli bildirib ki, Roma Papasının qondarma “erməni soyqırımı”nı tanıması əslində elə bir ciddi əhəmiyyət daşımır. Çünki Vatikanın siyasi iradəsi dünya siyasətində artıq orta əsrlərdə Avropa krallarına təsir göstərdiyi kimi önəmli faktor deyil. Yəni Roma Paralarının fitnələrinin dünya xalqlarının həyatına təsir göstərdiyi dövrlər artıq çoxdan arxada qalıb.
İndi Vatikan və Roma Papaları daha çox dünyanı idarə edən supergüclərin əlində oyuncaq rolunu oynaya bilir. Bundan artığı müasir dünyada mümkün deyil: “Ona görə də Roma Papasının qondarma “erməni soyqırımı”nı tanıması dünya dövlətlərinin mövqeyinə təsir edə biləcək faktor deyil. Düzdür, dünyanın idarə edilməsində əsas söz sahibi olan dövlətlərdə katoliklərin siyasi idarəsi daha üstün mövqedədir. Ancaq buna baxmayaraq, dövlətlər bir qərar verərkən Roma Papasının rəyini deyil, öz dövlətlərinin milli maraqlarını ön planda tuturlar. Digər tərəfdən, Roma Papası əslində belə mövzulara baş qoşmaqla kifayət qədər ciddi səhvə yol vermiş olur. Çünki günün birində Roma Papasına Varfolomey gecəsini xatırladarlar. Yəqin ki, Roma Papasının bu qoxunc və dəhşətli hadisəyə münasibətini bilmək çox maraqlı olardı. Eyni zamanda, Roma Papası qondarma “erməni soyqırımı”nı tanımaqdan əvvəl yəqin ki, ermənilərin himayədarlarının Əlcəzairdə, Ruandada və dünyanın digər bölgələrində bir gecədə törətdikləri soyqırımları da tanısa daha yaxşı olardı.
Təbii ki, Türkiyə Roma Papasına etiraz edərkən bütün bunları ona xatırlatması lazımdır. Ümumiyyətlə, rəsmi Ankaranın bu məsələ ilə bağlı daha qətiyyətli mövqe tutması və hər kəsə öz yerini göstərməsi lazımdır. Hətta rəsmi Ankara Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edənlərdən dərhal israrla sübut və faktlar tələb etməsi vacibdir. Türkiyəni qondarma “erməni soyqırımı”nda suçlayıb, faktları ortaya qoya bilməyənlərin isə beynəlxalq məhkəməyə verilməsi və Türkiyəyə qarşı şər-böhtan atılması səbəb kimi göstərilməklə onlardan yüklü məbləğlərdə təzminatların tələb olunması da önəmlidir. Ancaq rəsmi Ankara nədənsə, bütün bunları hələlik etmir. Fikrimcə, Roma Papasının qondarma “erməni soyqırımı”ndan danışması bəzi supergüclərin Türkiyəyə və ümumiyyətlə islam dünyasına qarşı qurduğu qurduğu çirkin ssenarilərin tərkib hissəsidir. Həmin supergüclər uzunmüddətdən bəridir ki, dünyada sivilizasiyalar arasında qarşıdurmanın yaradılmasına cəhd göstərirlər. Və bu məqsədlə bütün mümkün vasitələrdən yaralanmağa çalışırlar. Halbuki bu cür cəhlərin nəticə verməyəcəyi artıq bir neçə dəfə sübut olunub”.