Xəbər lenti

Rus elitası inqilabdan və hakimiyyət dəyişikliyindən danışmağa başladı
Dünya10:07 14.10.2022

Rus elitası inqilabdan və hakimiyyət dəyişikliyindən danışmağa başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna ilə müharibənin səkkizinci ayında Rusiya elitasının nümayəndələri mümkün hakimiyyət dəyişikliyindən danışmağa başlayıblar. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” Rusiya hökumətindəki həmsöhbətlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, bu, Rusiya prezidenti Vladimir Putinin ölkəni ümidsiz vəziyyətə saldığı 22 illik hakimiyyəti dövründə ilk dəfə baş verib.
"Biz inqilabi vəziyyətə giririk. Hər kəs indi baş verənlərdən fərqli bir şey gözləyir - fərqli rəhbərlik, fərqli müharibə. Müharibə tərəfdarları daha sərt hərəkətlərin olmasını istəyirlər. "Sülh göyərçinləri”, ümumiyyətlə, müharibə istəmirlər. Siyasi sistemdə dəyişiklik vaxtıdır. Ancaq bu, necə baş verəcək, bilmirəm", - deyə adının açıqlanmasını istəməyən yüksək rütbəli hökumət rəsmisi bildirib.
"Hər kəs tamamilə əsəbidir. Əhval-ruhiyyə çox pisdir”, - iri ranqlı rusiyalı iş adamı təsdiqləyib. Onun sözlərinə görə, iqtisadiyyat baş verənlərdən əziyyət çəkir və Rusiyanın öz ixracını Çin və Hindistana yönləndirə biləcəyi iddiaları özünü doğrultmadı. Sanksiyaların sərtləşdirilməsi fonunda cəbhədən gələn hər bir bəd xəbər iqtisadiyyata yeni zərbəyə çevrilir, - biznes elitasından başqa bir həmsöhbət təsdiqləyir.
"Heç kim status-kvodan razı deyil, deyə Rusiya rəsmisi izah edib. - Aydındır ki, hərbi və ya siyasi qələbə mümkün deyil. Amma uduzmaq da mümkün deyil. Bu, tsunqsvanq kimi tanınan şahmat vəziyyətinə çevrilir, burada hər addım əvvəlkindən daha pis olur və hərəkət etməmək mümkün deyil”.
Başqa bir məmur qeyd edir ki, hələ yayda hökumətdə nikbinlik var idi. Hakimiyyət "hər şeyi alt-üst edib, çıxış yolu tapacağına” inanırdı, amma indi bu fikirdən əsər-əlamət yoxdur. "İnsanlar gələcəyin olmadığını görürlər", deyə bildirib.
Səfərbərlik elan onunandan artıq bir həftə sonra Vladimir Putinin bəyənmə reytinqi 83%-dən 77%-ə düşüb, belə bir eniş pensiya islahatından bəri baş verməyib. Rusiyalı iş adamı hesab edir ki, cəbhədən gələn tabutlar vəziyyəti daha da pisləşdirəcək.
"Bir neçə aydan sonra Rusiyada çox mənfi bir tendensiya olacaq: ictimai əhval-ruhiyyənin pisləşməsi", deyə sahibkar bildirir. Cəbhədəki vəziyyəti dəyişmək üçün Putinin arsenalında ancaq taktiki nüvə zərbəsi var. Lakin rusiyalı iş adamının fikrincə, Çin belə bir eskalasiyanın qarşısını ala bilər. "Çinlilər bu Pandora qutusunun ağzını açmaq istəmirlər".
"Bu, bir tərəfin müharibəni davam etdirə bilməyənə qədər davam edən tükəndirmə müharibəsidir", - iş adamı deyir. Sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir göstərməyə başlayır, neft embarqosu və Rusiya neftinə qiymət tavanı dekabrda qüvvəyə minir. Parisdəki Sciences Po Universitetinin prorektoru Sergey Quriyevin sözlərinə görə, ilin sonuna qədər Putinin "pulu tükənəcək”. "Ona İran və Şimali Koreyadan alınan silahlara görə pul ödəməsi lazımdır. Amma dekabrda biz tamamilə yeni reallığın şahidi olacağıq”, deyə Quryev bildirib.
Bu fonda keçmiş baş nazir Sergey Stepaşin RİA Novosti dövlət agentliyinə danışaraq 1917-ci il inqilabının təkrarlanmamasına və Putinin 2030-cu ilə qədər Rusiyanın başında qalmasına çağırıb. "Biz 1917-ci ili təkrarlamamalıyıq, o zaman II Nikolayın yaxın ətrafı, əslində, ona xəyanət etdi. Hesab edirəm ki, Putin istəsə də, istəməsə də, biz real sülhə nail olanadək vəzifələrini yerinə yetirməli olacaq”, - Stepaşin bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə zamanı "əvəzedicinin ola bilməyəcəyi tamamilə aydın oldu, xüsusən də qismən səfərbərlik vəziyyətində”. 
2020-ci ildə Rusiya konstitusiyasına edilən dəyişikliklərə əsasən, Putin 2036-cı ilə qədər hakimiyyətdə qala bilər. 
Nizami Bağırov