Növbəti il üçün ABŞ-ın hərbi büdcəsi 782 milyard dollar olacaq. Bu, ötən ilki büdcədən 20 milyard çoxdur.
Amma onun böyüklüyü Rusiyanın müvafiq göstəriciləriylə müqayisə edəndə üzə çıxır – yada salaq ki, ABŞ-ın hərbi büdcəsi Rusiyanın total büdcəsindən iki dəfə çoxdur, hansı ki, bu il 322 milyard dollar tərtibində olacaq...
Xatırlasaq ki, Rusiyanın cəmi iqtisadiyyatı ABŞ-ın bir ştatının – Kaliforniyanın iqtisadiyyatı qədər deyil, onda görərik ki, burada təəccüblənməli bir şey yoxdur.
Odur ki, Rusiyanın hərbi kontraktlarının artması haqqındakı nağıllar gülüşdən savayı bir şey doğurmur, çünki burada söhbət yalnız Azərbaycan kimi ölkələr üçün müəyyən təəssürat yarada bilən hansısa 15-20 milyard dollardan gedir, ABŞ-ın isə təkcə Səudiyyə Ərəbistanı ilə hərbi kontraktları yüz milyard dollarla ölçülür.
Bu səbəbdən də Rusiya yalnız regional güc statusuna iddia edə bilər və Qərb siyasətçiləri və politoloqları öz qiymətləndirmələrində belə də edir, Moskvanı əsasən əski sovet məkanı hüdudlarında bir geosiyasi və siyasi amil kimi nəzərə alırlar. Üstəlik, NATO-nun sonuncu London sammitində Rusiyadan daha çox Çin haqqında danışılması da səbəbsiz və ya məntiqsiz deyil: "səmaaltı ölkə” hərbi büdcəsini ABŞ-ın büdcəsinə çatdırmaqdadır. Rusiyanı dünya gücləri sırasında saxlayan hələlik onun nüvə başlıqlarıdır ki, Moskva bu sahədə də lider deyildir.
ABŞ prezidenti ilk günlərdən deyir ki, ölkəsi üçün Rusiya yox, Çin təhlükə kəsb edir. Demək lazımdır ki, bu, hansısa sübyektiv mülahizələr deyil, Çinin iqtisadi və hərbi göstəricilərinə əsaslanan fikirlərdir və biz hələ Uzaq Şərq nəhənginin demoqrafik göstəricilərini nəzərə almırıq və yaxud da yada salmırıq. Amma burada bir neçə incə məqam var. Məsələ ondadır ki, Pekini tələsik əsas təhlükə elan etməyin ciddi fəsadları da ola bilər.
Daha yaxşı olardı ki, Çinə əvvəlcə əməkdaşlıq təklif edilsin, necə ki, soyuq müharibədən sonra Rusiyaya belə bir təklif edildi, gəl ki, Moskva sıravi NATO üzvü olmaq istəmədi və özü üçün xüsusi status tələb etdi.
Düşünmürük ki, Pekin də belə bir istəkdə bulunacaqdır. O, başqa məsələdir ki, Çin təkpartiyalı avtoritar ölkədir və bu, NATO-nun siyasi dəyərlərilə elə də uzlaşmır, çünki Blok təkcə iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələrini birləşdirmir, həm də siyasi demokratiyaya malik ölkələri hifz etməyə çalışır.
Geosiyasi planda Çin amili ciddi təhlil tələb edir. Əlbəttə, böyük hərbi büdcə, böyük müdafiə xərcləri özü-özlüyündə çox şey deyir. Amma bu, hələ o demək deyil ki, Pekin artıq dünya üçün böyük təhlükədir, ən azı o səbəbdən ki, Çinin bunun üçün zəruri hərbi infrastrukturu yoxdur. Bəli, son illərdə Çin Afrika qitəsinə maraq göstərir. Amma onun bu qitədəki resurslarını Avropa ölkələrinin və ABŞ-ın resursları ilə müqayisə etmək olarmı? Əlbəttə ki, yox.
Başqa amillər də var. Çin çox qədim ölkədir, hətta sivilizasiyadır. Amma o, özünün uzun mövcudluğu ərzində elə bir aqressiya nümayiş etdirməyib və hətta Böyük Çin səddi yalnız bir dövlətin sərhədi olmayıb, özündə müəyyən geosiyasi məna ehtiva edibdir. Çin Səddi bu ölkənin geosiysi ambisiyalarını müəyyən çərçivəyə salıb, məhdudlaşdırıbdır: bu sərhədlərdən kənardakı ərazilər daim yad ərazilər sayılıb...
Odur ki, Çinə bütün "barmaq göstərmək” cəhdləri ciddi şəkildə düşünülməlidir. Onun bilavasitə NATO sammitində müzakirəyə çıxarılması ona gətirib çıxarmayacaqmı ki, Pekin də ciddi bir şəkildə özü üçün hərbi müttəfiq axtaracaq və bu məqsədlə də Moskva ilə yaxınlaşmağa çalışacaq? Maraqlıdır ki, nəzəri olaraq amerikalılar bu ssenarini nəzərə alır. Hələ sabiq köməkçi C.Bolton qeyd edirdi ki, Çinə və Rusiyaya qarşı siyasət elə aparılmalıdır ki, bu siyasət onları biri-birilə yaxınlaşdırmağa sövq etməsin və coğrafi cəhətdən nəhəng Rusiya demoqrafik, indi həm də iqtisadi baxımdan nəhəng Çinlə hərbi ittifaq qurmaq fikrinə düşməsin.
Xatırladaq ki, Çini amerikalılar üçün birinci dəfə sabiq dövlət katibi H.Kissincer "kəşf edib”. Təkrarən bunu Tramp etməyə çalışır. Amma burada zərgər dəqiqliyi lazımdır ki, bəzi keçmiş səyyahların aqibətini yaşamayasan – necə ki, məsələn, cənab səyyah Huku aborigenlər əvvəlcə ilahiləşdirdilər, sonra isə tutub yedilər...