Kiyev işğal altındakı cənubi Xerson bölgəsini geri almaq üçün səylərini artırdığı bir vaxtda Rusiya Ukrayna boyu ağır zərbələr endirib.
Bu barədə Qaynarinfo BBC saytına istinadla xəbər verir. Rəsmilərin bildirdiyinə görə, mərkəzi Kropivnitski şəhərinə raket zərbələri endirilməsi nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb.
Şərqdə yerləşən Baxmutda 3 nəfər ölüb. Kiyev yaxınlığındakı hərbi bazada 15 nəfər yaralanıb. Ukraynanın şimal və cənub bölgələri də vurulub.
Bu, Ukraynanın ölkənin cənubunda rus qoşunlarını təcrid etməyə çalışdığı vaxta təsadüf edir. Ukrayna qüvvələrinin zərbəsindən sonra Xerson şəhərinə daxil olan əsas körpü fəaliyyət göstərmir. Rusiya Antonovski körpüsündən bölmələri və silahları göndərmək üçün istifadə edə bilmir.
Böyük Britaniyanın müdafiə rəsmiləri Rusiyanın ələ keçirdiyi yeganə Ukrayna regional paytaxtının hazırda "işğal edilmiş digər ərazilərlə əlaqəsinin faktiki olaraq kəsildiyini" bildiriblər.
Xersona nəzarət Rusiya üçün vacibdir, çünki o, Krıma - 2014-cü ildə Kreml tərəfindən ilhaq edilmiş Ukraynanın cənub yarımadasına quru dəhlizi təmin edir.
Ukrayna hərbçiləri bildiriblər ki, Moskva hazırda Xerson vilayətini müdafiə etmək üçün Ukraynanın şərqindən öz qüvvələrini bu istiqamətə yerləşdirir.
Nurlan