Xəbər lenti

“Rusiya Köçəryanı gücləndirir, lakin...” - Politoloq
Dünya 19:39 04.09.2023

“Rusiya Köçəryanı gücləndirir, lakin...” - Politoloq

"Ermənistanda Paşinyan hakimiyyəti nə qədər pis olsa da, Koçaryan-Sarkisyandan ibarət müxalifət ondan da pisdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Köçəryan-Sarkisyan və Rusiya hərbi-siyasi dairələrinin yeni ittifaq yaratmasını şərh edərkən deyib.

"Ermənistanda Paşinyana qarşı olan qüvvələr, özəlliklə də onun ən qatı əleyhdarları hesab edilən Rusiya siyasi dairələri və buradakı erməni diasporu Robert Koçaryanın proseslərdə aktiv olmasını istəyir. Amma unudurlar ki, Koçaryana Rusiya tərəfindən edilən maliyyə dəstəyi artıq puça uğrayıb. Çünki Ermənistan xalqı Paşinyanın iqtisadi-siyasi uğursuzluqlarının ağır nəticələrini yaşasa da, başa düşür ki, Koçaryan-Sarkisyan hakimiyyəti bundan daha dağıdıcı olub”, deyə Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, son aksiyalarda Koçaryanla Sarkisyanın fəallaşması müşahidə edilib: 

"Paşinyan Moskva əleyhinə ritorikanı gücləndirir. Kreml isə Koçaryan və Sarkisyandan siyasi alət olaraq istifadə edir, Paşinyana təzyiq göstərir. Paşinyanın cəmiyyətdə nüfuzu nə qədər aşağı olsa da, Koçaryanla Sarkisyanın ictimai etimadı daha aşağıdır. Ona görə düşünürəm ki, Koçaryan-Sarkisyan kartından nə qədər istifadə edilməyə çalışılsa da, onların Ermənistan ictimai rəyində heç bir ciddi sosial dayaqları mövcud deyil”.



Həmsöhbətimiz qeyd edib ki, indiki vəziyyətdə Ermənistanda hansısa bir inqilab və yaxud hakimiyyət dəyişikliyi gözlənilmir: 

"Çünki Ermənsitan düşdüyü vəziyyət səbəbindən hazırda alternativ seçim imkanlarından məhrumdur. Hakimiyyət nə qədər pis olsa da, müxalifət ondan da pisdir. Ermənistan əhalisi ictimai-siyasi proseslərə maraq göstərmir”. 

Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu APA-ya açıqlamasında Köçəryan-Sarkisyan və Rusiya hərbi-siyasi dairələrinin yeni ittifaqının ortaya çıxa biləcəyini bildirib: "Hazırda Paşinyanın həm Qərb, həm də Rusiya siyasəti iflasa uğramaqdadır. Dünən İtaliya mediasına verdiyi müsahibədə özü də bunu etiraf edir. Belə olan halda yenidən Köçəryan-Sarkisyan və Rusiya hərbi-siyasi dairələrinin yeni ittifaqı ortaya çıxa bilər”. 

Deputat həmçinin qeyd edib ki, Arutunyanın getməsi ilə başlayan yeni mərhələ Paşinyanın da getməsi ilə nəticələnəcəksə, biz bu yeni ssenariyə hazır olmalıyıq. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->