Özbəkistan hakimiyyəti Rusiyada yaşayan ölkə vətəndaşlarını Ukraynaya müharibəyə göndərməklə bağlı işlərə razı olmamağa çağırıb.
Xarici əmək miqrasiyası agentliyi xəbərdarlıq edib ki, Özbəkistan qanunlarına görə muzdluluq 5 ildən 10 ilə qədər həbs cəzası ilə cəzalandırılır.
"Bəzi xəbər kanalları Özbəkistan və Qırğızıstan vətəndaşlarını yüksək maaşla Rusiyaya işləməyə dəvət edən elanlar yayırlar. Bu elanların əsas məqsədi vətəndaşları Rusiya ilə Ukrayna arasında münaqişə zonalarına cəlb etməkdir. Bununla bağlı soydaşlarımızdan xaricdə iş təklifi ilə bağlı qeyri-rəsmi elanlara inanmamağı xahiş edirik”, - agentliyin məlumatında deyilir.
Bundan əvvəl «MediaHub» Jurnalistika araşdırmaları mərkəzi özbək və qırğızların "Vaqner” özəl hərbi şirkəti vasitəsilə Ukraynadakı müharibəyə cəlb olunması ilə bağlı araşdırma dərc
edib.
Bunun üçün sosial şəbəkələrdə guya özəl mühafizə şirkətlərinə işə qəbul edilməsi ilə bağlı elanlar yerləşdirilir. Müraciət edənlərə 100 min rubl və Rusiya vətəndaşlığının alınmasında köməklik vəd edilir. Lakin reallıqda qeyd edilən telefon nörmələrində onlara "Rusiya Müdafiə Nazirliyinin maraqları naminə xüsusi əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün” Ukraynaya getməsi təklif olunur. İşləməyə razı olanlara Krasnodar diyarındakı Molkino fermasına gəlmələri tapşırılır.
Özbəkistan və Qırğızıstan Ukraynadakı müharibə məsələsində rəsmən neytral mövqe tuturlar. Araşdırma dərc edildikdən sonra Qırğızıstan Xarici işlər nazirliyinin binası yaxınlığında "Vaqner” özəl hərbi şirkətinə qarşı tədbir görülməsi tələbi ilə piket keçirilib.
Bu qurum prezident Vladimir Putinin "aşpazı” kimi tanınan kremlyönlü iş adamı Yevgeni Priqojinlə əlaqələndirilir. Formal olaraq bu strukturda xidmət edən şəxslər Rusiya silahlı qüvvələrinə aidiyyatı olmasa da, Müdafiə Nazirliyinə məxsus infrastruktur və nəqliyyatdan istifadə edir, həmçinin hərbi orden və medallar alırlar.
Mövcud olduğu illər ərzində "Vaqner” Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Mozambik və Sudanda hərbi əməliyyatlara cəlb edilib. 2021-ci ilin dekabrında qurum Aİ sanksiyalarına məruz qalıb.
Beynəlxalq miqrasiya təşkilatının məlumatına görə, Rusiyada Mərkəzi Asiyadan 4 milyona yaxın miqrant çalışır: iki milyon Özbəkistandan, bir milyon Qırğızıstandan, bir milyon Tacikistandan və 200 min Qazaxıstandan.
Nizami Bağırov