"Şimal axını” qaz kəməri ilə Avropaya qaz tədarükü elan edilmiş gücün 60%-i qədər azaldılacaq.
Qaynarinfo "Insider”ə istinadən xəbər verir ki, bunu iyunun 16-dan etibarən boru kəməri ilə qaz nəqlini sutkada 67 milyon kubmetrə qədər azaltdığını bildirən "Qazprom" dövlət şirkətinin məlumatları sübut
edir.
"Əsaslı təmirə qədərki hazırlıq işlərinin başa çatması ilə əlaqədar olaraq (Rostexnadzorun göstərişlərinə uyğun olaraq və mühərrikin texniki vəziyyətini nəzərə alaraq) "Qazprom" "Portovaya” kompressor stansiyasında digər "Siemens" qaz turbinli mühərrikinin işini dayandırır", deyə şirkətinin açıqlamasında bildirilir.
Rəsmi olaraq "Qazprom” qaz tədarükünün azalmasını alman şirkətinin kəmərin qaz turbinini Rusiya tərəfinə qaytarmaqdan imtina etməsi ilə izah edir. Almaniyanın "Siemens” konserni daha əvvəl izah etmişdi ki, Kanadanın sanksiyaları səbəbindən bunu edə bilməyib, bundan sonra prosesə fasilə verib.
İndi "Qazprom" ikinci turbinin işini dayandırır ki, bu da "Şimal axını" ilə tədarükün təxminən 2/3 azalmasına gətirib çıxaracaq, may ayında isə Rusiya davamlı olaraq tam həcmdə - sutkada 170 milyon kubmetr qaz nəql edirdi. "Portovaya” kompressor stansiyası əvvəllər Almaniya istehsalı olan üç qaz turbinini işlədirdi.
Almaniya artıq "Qazprom”un qərarına reaksiya verib. Ölkənin iqtisadiyyat naziri Robert Habe, daha sonra isə kansler Olaf Şolts Rusiya şirkətinin qərarını siyasi motivli adlandırıblar. Onlar əmindirlər ki, qazın kəsilməsi ilə bağlı qərar texniki problemlərlə bağlı deyil.
Bu günə qədər "Şimal axını” Avropanın əsas qaz kəməri olaraq qalıb, onun ötürmə qabiliyyəti sutkada 170 milyon kubmetr qaz səviyyəsində qiymətləndirilir. Həmçinin Ukrayna sistemi ilə Rusiyadan Avropaya təqribən 40 milyon kubmetr, Türkiyə boru kəmərləri ilə isə daha 20 milyon kubmetr qaz verilir.
Nizami Bağırov
Şərhlər