Qərb ölkələri Rusiyanı gücdən salmaq üçün bütün vasitələrdən istifadə edir. "Böyük yeddilik” ölkələri (G-7) Rusiya nefti üçün maksimal qiymət həddi müəyyənləşdirəcək. Qərar ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya maliyyə nazirlərinin və bank təmsilçilərinin toplantısında qəbul olunub.
G7 ölkələri Rusiya neftinin qiymət həddini Aİ-nin tətbiq etdiyi embarqonun şərtlərinə uyğun müəyyən edəcəklər. Beləliklə, G7 dekabrın 5-dən neftə, növbəti ilin 5 fevralından isə neft məhsulları üçün qiymət limitinin tətbiq edəcəklər. "Bloomberg”in məlumatına görə, ABŞ və müttəfiqləri Rusiya neftinin maksimal qiymətini 40-60 dollar/barel səviyyəsində müəyyən etməyi planlaşdırır.
G7-in qərarını Qaynarinfo-ya şərh edən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirir ki, həmin addım Rusiya neftindən Qərbin imtinasını sürətləndirəcək:
"Tətbiq edilən limit fonunda Qərb Rusiya neftinin hər barreli üçün 40-60 dollarlıq qiymət qoyacaq. Rusiya tərəfi isə bu fonda bəyan edib ki, həmin qərarı qəbul edən ölkələrə neft və neft məhsulu satmayacaq. Hazırda "Brent" markalı neft 92-93 dollara satılır. Rusiya nefti isə 65 dollara satılırdı. Avropanın belə addım atması sadəcə Rusiya neftindən imtinanı daha da sürətləndirmək məqsədi güdür. Avropa İttifaqı Rusiya enerjisindən asılılığı, ardınca da tam imtina kursu götürüb”.
Həmsöhbətimizin fikrincə, bu gedişlə 2030-cu ilə Avropa Rusiya təbii resurslarından tam imtina edəcək:
"Qərb bazarından Rusiya tamamilə qovulub çıxarılacaq. G7-in bu addımı dünya bazarında neftin qiymətinin düşməsilə nəticələnəcək. Əvvəlcə qiymət bir qədər artacaq, ancaq sonra aşağı enəcək. Rusiya sata bilmədiyi böyük həcmdə neftə malik olacaq və həmin məhsulu başqa bazarlarda satmağa çalışacaq. Həmin bazarlarda qiymət kəskin düşəcək. Bu bazarlarla işləyən Körfəz ölkələri isə neftini Avropa bazarına yönəldəcək. Yaranmış vəziyyət öz növbəsində ümumilikdə neftin qiymətinin daha da aşağı düşməsilə sonuclanacaq”.
Rüfət Sultan