Xəbər lenti

Rusiya sovet məkanını ABŞ və NATO-nun üzünə bağlayır?
Hüseynbala Səlimov
Siyasət07:44 20.12.2021

Rusiya sovet məkanını ABŞ və NATO-nun üzünə bağlayır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Bəli, ABŞ və Rusiya prezidentlərinin ikinci görüşündən (videoformatda!) ən çox yadda qalan bu oldu ki, Cozef Bayden Vladimir Putinin NATO ölkələrinin liderləriylə görüşünü təşkil etməyə söz verdi.
Güman ki, bundan ruhlanan Moskva siyasi əhli dərhal ABŞ-la Rusiya arasında təhlükəsiz təmasları təmin edəcək iki sənəd hazırladı: bunlardan biri səkkiz, digəri isə doqquz maddədən ibarətdir.
Bəs nə deyilir bu "sənəd”lərdə? Bəli, burada ABŞ və eləcə də bütün NATO ölkələri Blokun Şərqə doğru genişlənməsini dayandırmağa çağırılır, keçmiş sovet ölkələrini Bloka üzv etməməyə və hətta onlarla ikitərəfli hərbi əlaqələr belə qurmamağa və onların ərazisində hərbi bazalar yaratmamağa dəvət edilir.
Aydın məsələdir ki, bu təkliflər qəbul olunsa, nəinki Gürcüstan, Ukrayna və Moldova heç vaxt NATO üzvü olmayacaq, hətta Vaşinqton Gürcüstandakı hərbi bazasını belə geri daşımalı olacaq. Bəs bu təkliflər qəbul edilə bilərmi? Əlbəttə ki, yox. Artıq onlara Vaşinqtondan ilk reaksiyalar gəlib və bu təkliflərin bəzilərinin "maraqlı”, bəzilərinin də tamam qəbuledilməz olduğu bildirilir...
Ən maraqlısı bilirsiniz nədir? Rusiya hansı haqla keçmiş sovet məkanının az qala sahibi kimi danışır? Ona bu hüququ və haqqı kim verib? Bəli, insanlar təkcə indi yox, on illərdir ki, bu suallara cavab axtarırlar. Xatırlayırıq ki, hələ doxsanıncı illərin əvvələrində rusiyalı politoloq, o vaxt Rusiyada prezident şurasının üzvü olan erməni mənşəli politoloq Andranik Miqranyan təklif etmişdi ki, Moskva Monro doktrinasına bənzər bir şey qəbul etsin. Onu da qeyd edək ki, əgər yaddışımız bizi aldatmırsa, Monro doktrinası Amerikanın ABŞ-ın maraq dairəsi olduğunu elan edən və "Amerika amerikalılar üçündür!” deyə bəyan edən sənəd idi. Amma bu sənəd on doqquzuncu əsrin əvvəllərində qəbul olunmuşdu, indisə, nə az, nə də çox, artıq iyirmi birinci əsrdir.
Bir daha deyirik ki, Rusiyanın təkliflərinin qəbul olunmasının ehtimalı demək olar ki, sıfra bərabərdir. Bu bizə başqa bir olayı da xatırlatdı. Belə ki, doxsanıncı illərin əvvəllərində Rusiyaya NATO-nun üzvü olmaq təklif olunmuşdu. Onda da Moskva özündən fokuslar çıxarmağa başladı və özü üçün xüsusi status tələb etdi...
İndi də ABŞ prezidenti Co Baydenin Putinlə ikinci görüş keçirməsi bunları ruhlandırıb və bunlar hesab ediblər ki, Rusiya həqiqətən də böyük, hətta fövqəldövlətdir. Halbuki Vaşinqton dəfələrlə bəyan edib ki, onlar Rusiyanı ən yaxşı halda regional dövlət kimi qəbul edə bilərlər. 
Prezidentlərin hələ ilk görüşü ərəfəsində hiss olunurdu ki, rusları görüşdə nələrin müzakirə olunması yox, onun baş tutması maraqlandırır. 
Amma bizə elə gəlir ki, Kreml bu dəfə də şişirtməyə varır – əgər Rusiyanın Ukraynaya və Gürcüstana təhdidləri olmasaydı, bəlkə də Rusiya prezidentiylə görüş heç gündəmə belə gəlməyəcəkdi.
Odur ki, Rusiyanın yeni dünya nizamı yaratmaq səmtindəki səyləri əbəsdir – bir daha deyirik ki, bu təklifləri heç kim qəbul etməyəcək və onlar Rusiya xarici işlər nazirliyinin arxivinə göndəriləcək. Amma bu, Kremli həvəsdən salmır. Bütün hallarda onlar GUAM üçlüyünün NATO –ya üzvlüyünü yubatmağa nail olublar. Amma bu ölkələrlə Vaşinqtonun ikitərəfli hərbi əlaqələri formalaşmaqdadır ki, bunlar heç də NATO-ya üzv olmaqdan az önəmsiz deyil.
Ən maraqlısı bilirsiniz nədir? Dünya gücləri yenə hərəkətə gəliblər və yeni dünya nizamı ilə bağlı axtarışlar davam edir. Əvvəllər olduğu kimi dünya daha bipolyar deyil, burada ən azı üç qütb var. Bəli, ABŞ elə hərəkət etməlidir ki, digər iki qütbü – Rusiya ilə Çini əməkdaşlığa təhrik etməsin. Bu günlərdə Çinlə Rusiya liderlərinin baş tutan görüşü bunu deməyə əsas verir ki, belə perspektiv heç də irreal deyil. Çox maraqlıdır ki, Bayden əvvəldən bu perspektivi görürdü və deyirdi ki, bizim siyasətimiz Pekinlə Moskvanı birləşdirməməlidir. İndi isə o, sanki bunu tamam unutmuş kimi görünür – əgər belə olmasaydı, Çindəki olimpiya oyunları boykot olunmazdı...