"Bizim əbədi dostlarımız yox, əbədi maraqlarımız vardır” – bəli, yalnız bu ingilis kəlamı bizi ümidləndirir, hətta ABŞ-Türkiyə münasibətlərinin gələcəyinə inamla baxmağa vadar edir.
Amma heç də hamı belə düşünmür. O cümlədən hazırda Türkiyənin əsas müxalifət partiyası da hesab etmir ki, iki müttəfiq arasından "qara pişik keçib”, yox, onlar da belə hesab edir ki, indiki hakimiyyətin apardığı siyasət nəticəsində iki hərbi-siyasi müttəfiq arasında gərgin münasibətlər formalaşıb.
Amma bizi iki dövlət arasındakı müvəqqəti və ani münasibətlər yox, strateji əlaqələr düşündürür. Məlum olduğu kimi, ABŞ hazırda Rusiyanı və Çini özünün əsas rəqibi hesab edir. Proseslərə bu prizmadan baxanda belə qənaətə gəlirsən ki, Ankara Vaşinqton üçün çox faydalı ola bilər.
Mərkəzi Asiyada güclənərək Türkiyə bu regionda, daha doğrusu, Çin və Rusiya arasında "geosiyasi maneə” rolunu oynaya bilərdi. Amma burada iki məqam var.
Birincisi, çoxları belə hesab edir ki, Vaşinqton Ankaranın güclənməsində heç də maraqlı deyil. Hətta onun regional problemlərdə oynadığı rola belə qısqanclıqla yanaşır.
Üstəlik, Türkiyə elə də "başıaşağı” müttəfiq deyil. O, Yaxın Şərqlə bağlı məsələlərdə, İranla bağlı problemlərdə, hətta Suriya və Liviya kimi problemlərdə belə yetərincə müstəqil siyasət yürüdür.
İkincisi, Vaşinqton ehtiyat edir ki, Çinə və Rusiyaya təzyiqi artırsa, onda onların yaxınlaşmasına səbəb ola bilər. Üçüncüsü, bir çoxları, o cümlədən Türkiyənin özündəki siyasi müşahidəçilər belə düşünürlər ki, türk dövlətlərinin birləşməsi – hətta müasir turanizm siyasi romantikadan savayı bir şey dyil. Amma burada da bəzi detallara toxunmaq olardı.
Birincisi, Rusiya və Belarus ittifaq dövlətində birləşməyə cəhd edirlər. Əlbəttə, bu prosesə münasibətdə siyasi müşahidəçilər elə də nikbin deyillər, çünki Moskvanın istəklərilə imkanları uzlaşmır. Hətta Krım işğal olunandan sonra aydın oldu ki, gözəl yarımadanı həm də yedizdirmək lazımdır. Bu isə elə də asan məsələ deyil, çünki Belarus Krım deyil, Avropa dövlətlərinin çoxundan böyükdür. Üstəgəl, bu son inteqrativ prosesləri müşahidəçilər A.Lukaşenkonun siyasi vəziyyətinin pisləşməsilə izah edirlər – Belarus prezidenti Avropa dövlətlərinin təzyiqi qarşısında zorla duruş gəitirir.
Üstəlik, bu yaxınlarda ABŞ daha bir, bu dəfə Böyük Britaniyanın və Avstraliyanın iştirakı ilə hərbi blok yaratmağa cəhd etdi ki, bu da siyasi müşahidəşilər tərəfindən etnik-anqlosakson bloku adlandırıldı...
Çin və Rusiya türk məsələsinə çox həssas dövlətlərdir. Çində uyğur problemi var və Türkiyənin bu regionda güclənməsi bu məqama da təsir edə bilər.
Rusiya haqqında isə danışmağa dəyməz. Türk xalqları ölkənin etnik və dini palaitrasında mühüm yer tuturlar. Üstəgəl, Moskva özünün geosiyasi abmisiyalarını postsovet türk respubliklarının hesabına reallaşdırır, hansıları ki, yazıçı Aleksandr Soljenitsın vaxtında Rusiyanın "qarınaltı yükü” adlandırmışdı. Taleyin ironiyasına baxın ki, indi Rusiya bu ölkələrdən iki əlli yapışıb, çünki onlar da əldən getsə, Rusiya hətta regional dövlət statusunu belə itirər.
Türkiyəli müşahidəşilərin tərəddüdlərinə gəldikdə, qeyd edək ki, müasir turançılıq ötən əsrin əvvəlindəkindən kəskin fərqlənir. Aydın məsələdir ki, burada bir dövlətdə birləşməyə ehtiyac yoxdur, yetər ki, onlar əlaqəli və koordinasiya olunmuş siyasət yürütsünlər.
Biz bilmirik ki, Mərkəzi Asiya ölkələrinin inteqrasiya çağırışlarına son münasibəti necə olacaq. Bildiyimiz budur ki, Azərbaycan özü ayrılıqda Türkiyə ilə münasibətlərini gücləndirməlidir, çünki yalnız bu yolla biz Rusiyanın təzyiqləri qarşısında duruş gətirə bilərik...