Dünya 18:34 29.03.2023

Rusiya yarım milyon insanı hərbi xidmətə cəlb edib - İşçi tapılmır

2022-ci ildə Rusiyada hərbi qulluqçuların sayı 500 min nəfərdən çox artıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” öz hesablamalarına və ekspert qiymətləndirmələrinə istinadən yazır.

Agentlik qeyd edir ki, yalnız Rosstat məlumatlarına əsaslanaraq, Rusiya silahlı qüvvələrinin sayı təxminən 400 min nəfər artıb. Bununla belə, Bloomberg bu məlumatları natamam adlandırır, çünki onlar, xüsusən də "Vaqner” muzdlularının cəlb edilməsini nəzərə almırlar. Bloomberg-in Rusiya üzrə iqtisadçısı Aleksandr İsakov bildirib ki, hərbi xidmətə cəlb edilənlərin ümumi sayı yarım milyonu keçəcək.

Bu rəqəm ötən ilin sentyabrında səfərbərliklə bağlı elan edilən rəsmi rəqəmi xeyli üstələyir. Həmin vaxt Rusiya hakimiyyəti 300 min insanın orduya cəlb olunduğunu elan edib. 

Vladimir Putinin Rusiya silahlı qüvvələrinin sayını artırmaq istəyi Rusiyada işçi qüvvəsi çatışmazlığını daha da artırır. Xüsusilə, bunu Rosstatın 2022-ci ildə ölkədə rekord aşağı işsizlik səviyyəsini qeydə alması sübut edir.

Hərbçilərin sayı bundan sonra da artacaq. Bloomberg mənbələrinin daha əvvəl bildirdiyi kimi, Kreml 2023-cü ildə Ukraynadakı müharibə üçün 400 min yeni müqaviləli hərbçi cəlb etmək niyyətindədir.

Bloomberg proqnozlaşdırır ki, yüz minlərlə əsgərlik yaşında olan rusiyalının ölkəni tərk etməsi ilə Rusiyanın əmək qabiliyyətli əhalisi növbəti onillikdə 6,5% azala bilər.

HeadHunter-in Rusiyadakı analitik şöbəsinin rəhbəri Nataliya Danina bildirib ki, fevral ayında HeadHunter platformasında yerləşdirilən vakansiyaların sayında aylıq artım son 12 ayda ilk dəfə dərc olunan CV-lərin sayının artımını artıq ötüb. Onun fikrincə, işçi qüvvəsi təklifi koronavirus pandemiyasının kəskin mərhələsindən sonra Rusiyada nəzərəçarpacaq kadr çatışmazlığı yaşandığı 2021-ci il səviyyəsinə qayıda bilər. "Aşağı işsizlik səviyyəsi, kadr çatışmazlığı ilə birlikdə iqtisadiyyatın struktur transformasiyası proseslərini ləngidir", - Danina yekunlaşdırıb.

Nizami Bağırov