Xəbər lenti

Rusiyada növbəti səfərbərlik ehtimalı:
Dünya 14:55 31.10.2024

Rusiyada növbəti səfərbərlik ehtimalı: "Kremlin başqa yolu qalmayıb"

"Vəziyyət elə bir hal alıb ki, indi Rusiyanın irəli getməkdən və bunun üçün də yeni səfərbərlik elan etməkdən başqa çarəsi qalmayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiyanın yeni hərbi səfərbərlik elan etməsi ehtimalını şərh edərkən deyib.
 
"Yeni geosiyasi reallıqlar və mövcud vəziyyət baxımından Moskvanın həqiqətən də geri dönüşü yoxdur. Amma bütün bunlar o demək deyil ki, Rusiya irəli getməyi düşünür, yaxud irəli getməyi ən yaxşı yol hesab edir. Yox, sadəcə onun başqa yolu yoxdur. Çünki Putin geri çəkilərsə, indiyə kimi Ukrayna ilə bağlı Rusiyada yaranmış atmosfer dağılacaq. Rusiyanın məğlubiyyəti Putin iqtidarının məhvi deməkdir. Ona görə də Rusiya hərbi rəhbərliyi hər zaman Kremli güclü təzyiq altında saxlayır. Bu mənada Rusiyanın növbəti səfərbərliyə gedə bilməsi ehtimalı da realdır", deyə İbrahim Rüstəmli bildirib.
 


Həmsöhbətimiz qeyd edib ki, belə səfərbərlik həm də simvolik xarakter daşıyır: 

"Rusiya bununla Qərbə öz mövqeyilə bağlı ciddi mesajlar göndərir. Bununla onların Rusiyanı çökdürə bilməyəcəyini bəyan edirlər. Rusiyanın iqtisadi vəziyyəti olduqca ağırdır. Belə vəziyyətdə əhalinin bir qismini pulla aldadıb, müharibəyə cəlb etmək də mümkündür. Müharibənin ilk mərhələsində cəbhə xəttində daha çox qeyri rus millətindən olan insanlara rast gəlinirdi. İndi onlar da ayılaraq buna etiraz edirlər".
 
Ekspertin fikrincə, növbəti səfərbərlik öz-özlüyündə Ukrayna cəbhəsində növbəti ağır mərhələnin başlanğıcı olacaq:

"Vəziyyət getdikcə gərginləşəcək. Moskvanın Kiyevə təzyiqləri artacaq. Çünki indiki vəziyyətdə Rusiya çox qəzəbli və amansızdır. Onun hərbi siyasətində xarizma hiss olunmur. Bu səbərbərlik növbəti, olduqca kəskin gərginliyə gətirib çıxaracaq".

Qeyd edək ki, Rusiyanın hərbi rəhbərliyi yeni səfərbərlik elanında israrlıdır. Bu barədə "The Economist" Avropa rəsmilərinə istinadən məlumat yayıb. İddia edilir ki, Rusiya Baş Qərargahı və Rusiya Müdafiə Nazirliyi Kremlə güclü təzyiq edərək, Ukraynadakı itkiləri doldurmaq üçün daha çox hərbi personalın səfərbər edilməsini tələb edir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->