"Putinin ölkəsinin qaz qıtlığı ilə üzləşə biləcəyi barədə verdiyi açıqlama yeni yataqlara investisiya cəlb edilməsə Rusiyanın özünün qazsız qalacağı və nəticədə daş kömürdən istifadə etməyə məcbur olacaqlarına işarə idi".
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL sədri Natiq Cəfərli Rusiya prezidenti Vladimir Putinin ölkəsində qaz qıtlığı yarana biləcəyilə bağlı səsləndirdiyi proqnozu şərh edərkən deyib.
Ekspertin dediyinə görə, Putinin bu açıqlaması iki məqsəd daşıyır:
"Putin bu açıqlaması ilə yeni yataqlara investisiyanın cəlb edilməsinin vacibliyini önə çəkib. Rusiya bir tərəfdən, daş kömürün yenidən işlənilməsi üçün şəraitin yaradılması, digər tərəfdən isə investorların cəlbini arzulayır. Rusiya əsasən Çindən, Hindistandan, Şanxay Əməkdaşlıq Təşkilatının bankından investisiya cəlb etmək istəyir. Putin dünyaya göstərmək istəyir ki, Rusiya heç də dünya iqtisadiyyatından qopmayıb".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda ölkəsinin qaz qıtlığı ilə üzləşə biləcəyini bildirib. "Bizdə qaz qıtlığı yaranmaq üzrədir”, deyə Putin Uzaq Şərq Federal Dairəsi regionlarının inkişaf nəticələrinin təqdimatında söyləyib.
Mümkün qaz qıtlığı ilə bağlı Putin kömürə keçidi təklif edib. Onun sözlərinə görə, kömür ehtiyatları "demək olar ki, min ilə bəs edər”. Putinin sözlərinə görə, qaz qıtlığının əlamətləri artıq indi Uzaq Şərqdə görünür: "Yeni müəssisələrin təminatını bəzən həyata keçirmək çətin olur".
Rüfət Sultan
Şərhlər