Xəbər lenti

“Rusiyadakı azərbaycanlılar Allah ümidinə buraxılıblar“
Ölkə14:11 03.12.2013

“Rusiyadakı azərbaycanlılar Allah ümidinə buraxılıblar“

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son bir neçə ayda Rusiyanın müxtəlif bölgələrində azərbaycanlılara, eləcə də digər millətlərin nümayəndələrinə qarşı artmaqda olan təzyiqlərin arxasında duran gizli məqamlara aydınlıq gətirmək məqsədi ilə, pia.az Rusiyadakı nüfuzlu azərbaycanlılardan biri, Azərbaycan diasporunun qurucularından olan Sakit Allahverdiyevin son hadisələrə münasibətini öyrənib.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

-Sakit müəllim, hazırda Moskva və Rusiyanın digər şəhərlərində miqrantlara qarşı münasibət necədir?


-Miqrantlar problemi Rusiyada çox ciddi bir şəkil alıb...Rusiya ictimaiyyəti tərəfindən bu məsələlər çox ciddi şəkildə müzakirə edilir. Rusiya ictimaiyyəti dedikdə sadəcə küçəyə çıxan kütlələri demirəm. Miqrantlara qarşı küçəyə çıxan xalq kütlələri aysberqin görünən hissələridir və aysberqin görünməyən hissələri də var. Rusiyanın bütün bölgələrində mövcud olan rayon, şəhər, vilayət seçki orqanları, adminlər, güc qüvvələri, ziyalı təbəqələr, siyasi partiyalar və sairə. Yuxarıda adları çəkilən bütün təşkilatlarda, dövlət orqanlarında mütəmadi olaraq müzakirələr davam edir. Bu proseslər həm paytaxta, həm də regionlara aiddir.
Qısaca desək, belə bir vəziyyət yaranıb. Miqrantlara dövlətin ehtiyacı var, ancaq yerli əhalidə milli elektronlaşma baş verir və onlar miqrantlara qarşıdırlar.

-Sizcə Rusiya hakimiyyət orqanları vəziyyətə nəzarət edə bilirlər?


-Rusiya dövlət orqanları vəziyyətə tam nəzarət edirlər və dövlətin ehtiyaclarının təmin edilməsinə çalışırlar.

Aydın məsələdir ki, hər şey qanun çərçivəsində olmalıdır. Bəlkə bəzi məmurlar öz vəzifə borclarını lazımınca yerinə yetirmirlər. Bu bütün ölkələrdə az və çox dərəcədə müşahidə olunan fərqli məsələdir. Ancaq dövlətin tam nəzarəti göz qabağındadır.

-Hadisələrin sonrakı inkişafını necə dəyərləndirərdiniz?


-Hadisələrin sonrakı inkişafı hal-hazırda görülən işlərin nəticəsi kimi biruzə verəcək və davam edəcək. Bu gün Rusiya dövləti öz hesablarına görə ehtiyacı olan sayda emiqrant qəbul etmək istəyir. Bu məqsədə nail olmaq üçün qarşılıqlı iki tərəf var. Biri dövlət orqanları , başqa tərəf emiqrantlar.
Bu tərəflərin hər ikisi fəaliyyətlərini qanun çərçivəsində etməlidirlər, ancaq etmirlər. Şəxsi mənfəət məsələsi var... Dövlətin məmurlara təsir aləti güclüdür, ancaq emiqrantlara zəifdir. Bu məsələ Rusiyanın qarşılaşdığı yeni bir sorundur... Bu məsələlərin həll olunması üçün zamana ehtiyac var.

-Azərbaycan diaspora təşkilatlarının mövcud durumda fəaliyyətini necə qiymətləndirirsiniz?


-Rusiyada Azərbaycan diasporları mərkəzləşmiş qaydada fəaliyyət göstərmir. Rəhbərliyi düşündürən diaspora problemleri deyil. Onları düşündürən ailənin gözünə girməkdir, yəni rəhbər ailə üzvlərinin gözünə pərdə asmaq üçün həmişə gərək göz önündə olasan. Öz karyeralarını qurmaq üçün hər cür münasibətdən istifadə edirlər. Öz-özlüyündə bu sağlam münasibət deyil. Məqsəd gözdən pərdə asmaqdırsa, mahiyyətcə ifratdır.
Hal-hazırda demək olar ki, bütün regionlarda parçalanma sistemi davam edir. Hər kənd bir cəmiyyət yaradır, onların heç birinin ÜAK-la əlaqəsi yoxdur. ÜAK-nın özünün ayrı-ayrılıqda nə bir siyasi, iqtisadi, nə də hüquqi təşkilatçılıq projeləri yoxdur. Söhbət hansı fəaliyyətdən gedə bilər? Bunları başa düşmək üçün başqa millətlərin diaspora fəaliyyətinə nəzər salmaq yetərlidir.

-Diasporanın işinin effektivliyi Rusiyada azərbaycanlılara qarşı münasibətin müsbət mənada dəyişməsinə kömək edə bilər?


-Əlbəttə edə bilər və etməlidir. Rusiyada azərbaycanlılara qarşı münasibətin müsbət mənada dəyişməsi diasporaların fəaliyyətinin ana xətti olmalıdır. Başa düşmək lazımdır ki, indiki Rusiya 5 il bundan əvvəlki Rusiya deyil. Hər şey dəyişir, inkişaf edir. Ancaq diaspora yerində addımlayır, zamanla ayaqlaşa bilmir. Sadə bir misal çəkəcəm.
Son zamanlar Moskvada, eləcə də bütün böyük şəhərlərdə supermarketler, qipermarketlər sanki göbələk kimi bitirlər. Bu bir iqtisadi faktordır və bununla belə Azərbaycandan gələn emiqratların həyat fəaliyyətinə bir başa təsir edən amildir. Çünki marketlər hər şey satırlar, o cümlədən meyvə tərəvəz. Artıq onlar kiçik müəsissələri, xırda alverçiləri sıxışdırıb aradan çıxardırlar. Bazarların bağlanmasının birinci səbəbi budur. Bizli də, bizsiz də bu proses bir iqtisadi proses olaraq davam edəcək. Əvəzində millətə kim nə təklif edib?!...
Vəziyyət günü-gündən çətinləşəcək. Marketlər artır, özləri satdıqları məhsulları tədarük edirlər. Azərbaycanlılara,  "Köhnə bazar"a, "Budka" ticarətinə, təmizliyə, sağlamlığa riayət olunmayan depolara ehtiyacları yoxdur. Demək ki, azərbaycanlılar ya supermarket tikməlidirlər, ya da meyvə-tərəvəzdən fərqli sahələrə keçməlidirlər. Çoxları isə vətənə dönəcəklər. Artıq bu proses başlayıb. Bu geri dönülməz bir prosesdir.
İkinci bir misal çəkim. "Biryulevo hadisələri"... Diqqət edin. Cinayət tərkibli hadisə baş verib. Hər kəsin yadındadır. Yerli xalq ayağa durub. Nə konqresdən, nə də başqa diaspora təşkilatlarından "dialoqa" çıxan kimsə olmadı. Bu nə deməkdir?! Bu o deməkdir ki, dar gündə milləti ortada tək qoydular. Bunu bütün dünya gördü.
Allah eləməsin, ikinci səfər belə bir hadisə baş versə, nəticələri bizim üçün daha pis olacaq. Çünki, MİLLƏTİ SAHİBSİZ GÖRDÜLƏR.
Açığını desək, konqres rəhbərliyinin səriştəsizliyindən adekvat cavab verə bilmədik. Əslində bu iş başqa cür təşkil olunmalıydı. Yəni konqres rəhbərliyi dünya praktikasına uyğun hərəkət etməliydi. Məsələn, konqres rəhbərliyi Daxili İşlər Nazirliyinin işçiləri ilə birlikdə həlak olanın ailəsini ziyarət etməli, baş sağlığı verməli və eyni zamanda valideyinlərinə maddi yardım etməli idilər. Əlavə Biryulevo bazarına hücum edənlərin başçıları ilə görüş keçirməli, problemləri güc hərəkətlərindən danışıqlara istiqamətləndirməli idilər. Əfsuslar olsun ki, bunu edə bilmədilər, etmədilər. Demək ki, milləti özlərinə layiq görmədilər. Belə halda özləri konqres rəhbərliyinə heç layiq deyillər. Belə konqres kimə lazımdır?!...

-Hazırkı bu çətin durumda Rusiya Azərbaycanlıları Konqresi tərəfindən soydaşlarımıza kömək məqsədi ilə hər hansı bir addım atılıb?


-Eşitməmişəm.

-Rusiyada problemlərlə üzləşən soydaşlarımızdan sizə kömək üçün müraciət edənlər olub?


-Bəli. Çoxları bilirlər ki, mənim diaspora fəaliyyətim var, çoxlarının sənədləri qaydasında deyil. Birinci bu problemdir. Sənədlərin düzəlməsində "alverçilik" edənlər də var. Başqa şəhərlərdə olanda diaspora ilə, vəziyyətlə maraqlanıram.

-Sizcə erməni diaspor təşkilatlarının fəaliyyəti ilə ÜAK-ın işini müqayisə etmək olar?


-Erməni diaspora təşkilatlarını bizim konqreslə heç cür müqayisə etmək olmaz. Göylə-yer qədər arasında fərq var. Ermənilər velosiped ixtira etmədilər. Onlar yəhudi diaspora sistemlərini qəbul etdilər və eləcə də onların iş üsullarını öz sistemlərinin tərkib hissəsi kimi davam etdirirlər. Xüsusən Rusiyada bu sistem ermənilər üçün daha uğurludur. Bu sistemin alt yapısı iki dövlət tərəfindən strateji əməkdaşlıq üstündə qurulmuşdur. Bunu görmək üçün ermənilərin nümayəndələrinin dövlət orqanlarında, bank sistemində, güc qüvvələrində hansı yüksək vəzifələrdə çalışdığını izləmək yetərlidir.
Başqa bir fakt, bu gün Ermənistanın büdcəsinin 40%-ni formalaşdıran Rusiyada yaşayan ermənilərdir. Yəni ki, burda yaşayan ermənilər Ermənistanda şirkətlər açırlar və dövlətə vergi ödəyirlər. Çox maraqlıdır, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının büdcəsinin formalaşmasına verilən vergilərin neçə faizini təşkil edir? Belə bir rəqəm varmı? Yoxdursa bunun səbəbləri nədir?!

-Diaspor təşkilatlarımızın son bir neçə ildə bu qədər parçalanmasının kökündə duran səbəb nədir?

-Diaspor təşkilatlarının parçalanmasının səbəbləri çoxdur. Burda daxili və xarici faktorlar var.
Birincisi, Azərbaycanlıların diaspora kimi formalaşması, birgə olması, bir toplum kimi siyasi–ictimai qüvvəyə çevrilməsi Azəbaycanın düşmənlərinin heç birinə faydalı deyil. Ona görə düşmən qüvvələr mütləq çalışacaqlar ki, diasporanı parçalasınlar, qüvvələri bir-birinə qarşı qoysunlar, hörmətdən salsınlar və son nəticədə məhv etsinlər.
Əks təqdirdə diaspora şəklində formalaşan milli kütlə ictimai-siyasi gücə çevrilərək qarşıda olur və yaxud da ən azından diasporanın rəhbərliyini ələ alaraq özlərinə qarşı zərərsizləşdirirlər. Məsələn, konqresin indiki durumu eyni vəziyyətdir. Formaca var sayılır, ancaq mahiyyətcə yoxdur!
İkinci önəmli faktor - daxili müdaxilədir. Daxili müdaxilənin arxasında çox zaman yenə xarici qüvvələr görünür. Məsələn məmurların məqsədyönlü təsiri, yerlibazlıq, rüşvətxorluq, daha doğrusu maddi maraqlar ehtirası və başqa səbəblər var.

-Rusiyadakı diaspor təşkilatlarımızın millətimiz və dövlətimiz naminə bir yerə yığışması, eyni tavan altında daha effektiv fəaliyyət göstərməsi üçün nə tələb olunur?


-Birinci şərt - Konqresin prezidentinin və İcra Aparatı rəhbərinin istefa verməsidir.
İkinci şərt - qurultayın çağırılması, yeni prezidentin və icra aparatının təşkil olunması, Ağsaqqallar Şurasının yaradılması, Vitse Prezidentlər İnstitutunun yaradılmasıdır.
Üçüncü şərt - Rusiyada yaşayan nüfuzlu, zəngin azərbaycanlılarla birlikdə Azərbaycan Respublikası Prezident Administrasiyası və Dövlət Diaspora Komitəsi ilə birlikdə məqsədyönlü projenin hazırlanmasıdır.
Bununla belə unutmaq olmaz ki, konqresin bütün fəaliyyəti Rusiya Federasiyasında baş verəcək. Yerli zəmində dövlət orqanları ilə  işgüzar münasibət yaratmaq lazımdır.
Bütün fikirlərimi burda davam etmək istəmirəm. Qısaca olaraq qeyd edim ki, bizim bu sahədə ciddi təcrübəmiz var.

-Siz ÜAK-ın fəaliyyətini saytımıza verdiyiniz keçən müsahibənizdə sərt tənqid etmişdiniz, diasporanın birləşməsi və daha güclü olması üçün konkret konsepsiyanız varmı?


Bəli çox ciddi projemiz var. Bizim projemiz dünya təcrübəsinə köklənsə də, Azərbaycan orjinallığı ilə seçiləcək.

Qaynar.info