Dünya 14:15 30.10.2023

"Rusiyanın bir çıxış yolu qalır - taktiki nüvə silahına əl atmaq" (ŞƏRH)

"Şoyqunun bu açıqlaması daha çox çəkindirmə məqsədi daşıyır, amma eyni zamanda nüvə təhdidinə hazırlıq məqsədi də daşıya bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya müdafiə naziri Sergey Şoyqunun nüvə müharibəsi ehtimalının artdığı barədə fikrini şərh edərkən deyib.

Ekspert düşünür ki, bu, çəkindirmə taktikasıdır:

"Qərb artıq Rusiyaya qarşı "anakonda strategiyası” tətbiq edir. Qərb Şərqi Avropa, Baltik ölkələri və Ermənistan vasitəsilə Qafqazda kök salmaqla, Rusiyanı çökdürmək istəyir. Moskva da bu "tıxacda” özünü narahat hiss edir. Qərb Rusiyanın təsir imkanlarını bir qədər də azaltmağa çalışır. Rusiya da tutduğu mövqedən geri çəkilməmək və özlərinə sərf edən reallığı qəbul etdirmək istəyir. Bu fonda da nüvə təhdidini ortaya atırlar".



Üzeyir Şəfiyev qeyd edib ki, son zamanlar Rusiya nüvə sınaqları tətbiqləri ətrafında məşqlər edir, təlimlər keçirir:

"Bu mənada Şoyqunun açıqlaması daha çox çəkindirmə məqsədi daşısa da, digər tərəfdən potensial taktiki nüvə təhdidinə hazırlıq tədbirləri kimi də görünə bilər. Rusiya sıxışdırıldığını anlayır. Ona görə də artıq son çarə olaraq nüvə təhdidinə keçib. Şoyqunun açıqlaması Rusiyaya qarşı birləşmiş qüvvələrin hərəkətlənməsinin qarşısını almaq siyasəti və ona hazırlıqdır". 

Bütün hallarda həmsöhbətimiz Moskvanın nüvə savaşına başlaya biləcəyini düşünmür:

"Ancaq son çarə olaraq, "Böyük rus şovinizmi”nə zərər gələcəyi təqdirdə Moskva taktiki nüvə sınaqlarına başlaya bilər".

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu X Syanşan Təhlükəsizlik Forumunda çıxışı zamanı nüvə müharibəsi ehtimalının getdikcə artdığını diqqətə çatdırıb. Onun iddiasına görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər: "Qərbin müntəzəm şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək səyləri nüvə gücləri arasında hərbi toqquşma təhlükəsi daşıyır və fəlakətli nəticələr vəd edir”. 

Rüfət Sultan