Ukrayna ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin polkovniki Vasili Kleşenkonu zərəsizləşdirib.
Qaynarinfo xəbər verir ki, Unian bu barədə Ukrayna Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
"Rusiya Aerokosmik Qüvvələrinin ən yaxşı helikopter pilotu, polkovnik Kleşenkonun cəsədi Ka-52-nin dağıntıları altındadır", deyə məlumatda bildirilir.
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında qeyd edilir ki, Kleşenko Rusiyanın ordu aviasiyasının uçuş heyətinin döyüş tətbiqi və yenidənhazırlanma üzrə 344-cü mərkəzinin rəis müavini olub. O, həmçinin ötən il Qələbə Günündə vertolyotlar paradına başçılıq edib.
Qeyd edək ki, Rusiya ordusunun indiyədək Ukraynada ən azı 10 generalı, 200-dən artıq zabiti məhv edilib. Eyni zamanda, rus qoşunlarının uğursuzluqları ən azı 6 komandirin işdən çıxarılmasına səbəb olub.
Həmçinin bildirilir ki, son 3 həftə ərzində Ukrayna hərbçiləri Rusiya ordusunu iki batalyon taktiki qrupunu məhv edib. Ukrayna Silahlı Qüvvələrinin son məlumatına görə, fevralın 24-dən indiyədək Rusiyanın itkilərinin ümumi sayı 42 640 nəfərə olub.