Avropa Parlamenti Rusiyanın inkişafı üçün üç ssenari proqnozlaşdırıb: totalitarizmə keçid, rejimin dağılması və parçalanma.
Qaynarinfo-nun məlumatına görə, "Deutsche Welle" yazır ki, belə variantları parlamentə tədqiqatçılar təqdim
ediblər.
Hesabatın müəllifi, Avropa Parlamentinin Araşdırma Xidmətinin siyasi analitiki Anna Kaprile nəşrə bildirib ki, Ukraynada müharibə Rusiyanı hərbi, iqtisadi və geosiyasi baxımdan zəiflədəcək, lakin onu Avropa üçün daha az təhlükəli etməyəcək. O, DW-yə Avropa Parlamentinə təqdim olunan hesabatda yer alan ssenarilər barədə danışıb.
Birinci ssenari totalitarizm adlanır. Bu, daha sərt repressiyaya keçidi və ola bilsin ki, Rusiyada hərbi vəziyyətin tətbiqini nəzərdə tutur. Eyni zamanda o, ölkədə əhali arasında təlqinlərin daha da güclənəcəyini proqnozlaşdırır. İlk növbədə gənc əhali üçün nəzərdə tutulacaq.
Kaprilin sözlərinə görə, bu ssenarinin bir hissəsi artıq həyata keçirilir. Bundan əlavə, prezident Vladimir Putinin rejimi özünün şişirdilmiş versiyasına çevrilərək, superavtoritar rejimə doğru inkişaf edə bilər.
İkinci ssenari rejimin dağılmasıdır. "Hərbi uğursuzluqlar və böhranlar, hüquqlarından məhrum edilmiş qruplar və regionlar arasında artan təcrid hissi təkcə regional və iqtisadi elitaların dəstəyini deyil, həm də əhalinin hazırkı rejimə inamını sarsıdacaq ki, bu da onun süqutuna gətirib çıxaracaq”, deyə politoloq proqnozlaşdırır.
Onun sözlərinə görə, nəticə müəyyən dərəcədə müharibədəki vəziyyətdən asılı olacaq.
Putinin yerinə "manevr üçün geniş imkanları olan” bir adam prezident olsa, rejim hadisələrin belə inkişafından qaça bilərdi. "Bu, məxfi xidmətlərin xeyir-duası, Putinin özünün təşəbbüsü və ya prezidentin səhhətindəki problemlər səbəbindən baş verə bilər", deyə Kaprile qeyd edib.
Hesabatda əks olunan üçüncü ssenari Rusiyanın parçalanmasını nəzərdə tutur. Tədqiqatçılar bu variantı qeyri-mümkün, lakin son dərəcə təhlükəli adlandırırlar. Müharibəyönlü ritorikası ilə güclənən ifrat sağ hərəkatların nümayəndələri hakimiyyətə gələrsə, bu ssenari reallaşa bilər.
Kaprilenin fikrincə, müharibəyə baxmayaraq, Ukraynanın perspektivləri daha aydındır. Ölkə üçün Avropa İttifaqına yol açıldı, ona üzvlük üçün namizəd statusu verildi. "Onun Aİ-yə nə vaxt üzv ola biləcəyi və bunun nə qədər çətin olacağı bilinmir, lakin Rusiyadan fərqli olaraq, bu, konkret ssenaridir", deyə Kaprile vurğulayıb.
Nizami Bağırov