Xəbər lenti

Rusiyanın yeni dezinformasiyası: Qərb Zelenskini devirəcək? (ŞƏRH)
Dünya10:08 13.12.2023

Rusiyanın yeni dezinformasiyası: Qərb Zelenskini devirəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Qərb rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenskinin vəzifəsindən uzaqlaşdırılması imkanını müzakirə edir. Hətta kəşfiyyat rəhbəri rus mediasına açıqlamasında Zelenskinin arzuolunmaz hesab edilməsinin bir çox səbəblərini açıqlayıb. Onun fikirincə, bunlardan ən əsası Zelenskinin Qərbin maraqları ilə bağlı çevik olmamasıdır. 
Narışkinin sözlərinə görə, Qərb hesab edir ki, Ukrayna prezidenti Rusiya ilə münaqişədə barışmaz şahin imicini yetişdirməkdə həddi aşıb. Narışkin iddia edib ki, hərbi əməliyyatların "dondurulması” zərurəti yaranarsa, bu, Zelenskinin artıq heç bir danışıqlarda faydalı olmayacağı anlamına gələcək: 
"ABŞ kəşfiyyat xidmətlərinin fikrincə, Ukrayna döyüş meydanında münaqişənin dondurulması zərurəti yarana bilər".
Narışkinin sözlərinə görə, Zelenskiyə qarşı alternativlər noyabrda Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü çərçivəsində müzakirə edilib. İddialara görə, potensial variantlar arasında Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujni, hərbi kəşfiyyatın rəisi Kirill Budanov, prezident aparatının rəhbəri Andrey Ermak və hətta Kiyev meri və keçmiş boksçu Vitali Kliçko var. 
Qeyd edək ki, son zamanlar Qərb mətbuatında Ukraynaya yönəlik mənfi xarakterli yazılar geniş yer almağa başlayıb. Burada Ukraynanın Rusiya ilə müharibədə çətin duruma düşdüyü, Zelenski ilə Qərb arasında ziddiyyətlərin yarandığı və ikincilərin onu başqası ilə əvəzləmək istədikləri barədə müxtəlif fikirlər səslənir. Onun nəticəsidir ki, son günlər Zelenskinin vəzifədən uzaqlaşdırılacağı barədə fikirlər yer almağa başlayıb. 
Əslində belə vəziyyət gözlənilən idi. Belə ki, qanuna müvafiq olaraq 2024-cü ildə Ukraynada növbəti prezident seçkiləri keçirilməlidir. Amma müharibənin getdiyi bir şəraitdə onun baş tutacağı ehtimalı demək olar ki, yox səviyyəsindədir. Zelenski özü belə 2024-cü ildə seçkilərin müharibə şəraitində keçirilməsi ideyasını məsuliyyətsizlik adlandırıb. Lakin buna baxmayaraq, proseslərin gedişi belə deməyə əsas verir ki, Ukrayna ilə müharibə aparan tərəf seçki məsələsindən informasiya müharibəsi fonunda öz məqsədləri naminə bəhrələnmək niyyətinə düşüb. 
Rusiya üçün Ukrayna daxilində, o cümlədən onun arxasında dayanan Qərbdə siyasi qüvvələr arasında gərginliyin, ziddiyyətlərin olması vacibdir. Ona görədir ki, son zamanlar Qərbdə Zelenski əleyhinə yazıların tirajı artıb. 2024-cü ilin Ukraynada seçki ili olduğunu nəzərə alsaq,  Moskvanın öz marağı naminə belə bir niyyətdə bulunması başa düşüləndir. Bu mənada aydın şəkildə sezilir ki, Qərbdə Ukraynaya və Zelenskiyə zidd materialların geniş yayılmasının arxasında Kreml dayanır. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Qərb rəsmilərinin Zelenskinin vəzifəsindən uzaqlaşdırılması imkanını müzakirə etdikləri barədə iddiası da sübut edir. Onun məhz Qərbdə həmin məsələ ətrafında yayılan informasiyalardan sonra proses barədə fikir bildirməsi onu düşünməyə əsas verir ki, sözügedən ssenari əslində elə Kremldə hazırlanıb. Bu da Narışkinin fikirlərinin əslində reallığı əks etdirmədiyini söyləməyə əsas verir. Sadəcə Rusiya üçün indiki məqamda Ukrayna hakimiyyəti daxilində ziddiyyətlərin, gərginliyin olması vacibdir. Bu kimi iddiaları ortaya atmaqla Moskva əslində Ukrayna, o cümlədən Kiyevə dəstək olan dünya ictimaiyyəti arasında ruh düşkünlüyü yaratmaq, indiyə qədərki səylərinin əbəs olduğu fikrini formalaşdırmağa çalışır. Eyni zamanda, Rusiyanın özündə son zamanlar zəif də olsa, müharibə əleyhinə fikirlər səslənməyə başlayıb. Bu  xüsusda əsasən də müharibəyə cəlb olunanların valideynləri mühüm rol oymayır. Bu isə indi olmasa da, bir müddətdən sonra artaraq, Kremlə ciddi baş ağrısı yarada bilər. Ona görə də Rusiya rəsmiləri belə informasiyaları gündəmə atmaqla rus ictimaiyyəti arasında müharibənin tezliklə, özü də qələbə ilə bitəcəyi düşüncəsini formalaşdırmağa çalışırlar ki, etiraz dalğası yerindəcə boğulsun. 
Rüfət Sultan