Xəbər lenti

Rusiya-Ukrayna müharibəsi nə vaxt başlayacaq?..
Siyasət06:05 02.04.2021

Rusiya-Ukrayna müharibəsi nə vaxt başlayacaq?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibələr bəzən siyasətin məntiqli və qaçılmaz davamı kimi çıxış edir, amma bütün hallarda o, arzuolunan nəticə deyil. Elə bu səbəbdən də diplomatiya həm də onun üçündür ki, müharibələrin qarşısı alınsın. 
Ona görə də seçdiyimiz başlıq ola bilsin, bir o qədər də uğurlu deyil, amma qlobal miqyasda olmasa da, lokal məkanlarda müharibələr hələ də baş verir, dövlətlər hansısa qeyri dövlətdən həm də ona görə çəkinirlər ki, bunlar müharbəni adi siyasətin adi bir reallığı kimi nəzərdə tuturlar, yəni onlar üçün müharibə etmək su içim kimi bir şeydir.
Belə ölkələrdən biri də Rusiyadır. Əlbəttə, bu ölkə dünyanın hərb tarixinə adını yazdıra bilib – 16-cı əsrdən başlayaraq ruslar yavaş-yavaş həm də döyüşkən millət obrazı uğrunda çarpışmağa və ölkələrini böyütməyə başlayıblar. Rusların böyük zəfərlərindən söhbət düşəndə yetər ki, Napoleon və ya faşizm üzərindəki qələbəni yada salasan. Amma elə böyük Napoleon Bonapartın sözləridir ki, mən Rusiyaya ordu ilə vuruşmağa gəlmişidim, şaxta ilə yox.
Amma bütün bunlara rəğmən, illər keçdikcə bir Rusiya hərb mifi yaranmağa başladı, hərçənd, onun bütün qələbələrində sərt iqlim-şaxta və böyük coğrafi ölçülər heç də hərbi texnikadan və taktikadan az rol oynamamışdı. 
Fəqət, nüvə silahı əldə etdikdən sonra Rusiyanın hərb mifi bir az da artdı, ümumi fikir belə oldu ki, Kreml ilə qəti zarafat etməyə dəyməz, baxmayaraq ki, başqa ölkələrdə də nüvə silahının olması Rusiya kimi ölkəyə həm də çəkindirici amil kimi təsir etməlidir... 
Həm də miflər onun üçündür ki, onları kimsə və necəsə dağıtsın. Rusiyanın hərb mifi ilk dəfə Əfqanıstanda dağıldı – kiçik və elə bir texniki imkanları olmayan əfqan xalqı bir neçə il ərzində Rusiyanın hərb maşınını əməlli-başlı sındırdı. Ruslar bu xalqa qarşı müharibənin ən sərt üzünü göstərdi və güman ki, Belarus qadın yazıçısı məhz bu sərtliyi təsvir etdiyi üçün keçmiş SSRİ ərazisində Nobel mükafatı alan ilk qadın yazıçı oldu.
İkinci dəfə Rusiya mifi SSRİ dağılanda sındı. Hamı düşünürdü ki, onlarla xalq əbədi olaraq Rusiyanın əsarəti altında qalacaq, çünki bu ölkənin minlərlə nüvə başlığı var. Amma yox, Sovet imperiyası bir neçə ilin ərzində lap əməlli-başlı çökdü.
Daha bir epizod isə çeçenlərlə bağlıdır. Kiçik, bəli, çox kiçik bir xalq az qala, rusların bütün hərb maşınını iflic etmişdi və bəzi səhvlər olmasaydı, Kreml Çeçenistanı tanımaq məcburiyyətində qalacaqdı...
Bütün bunları niyə yazırıq? Bu günlərdə Uktrayna Ali Radası öz sənədlərindən birində Rusiyanı "hərbi qarşıdurma tərəfi” kimi tövsif etdi və bu, faktiki olaraq o deməkdir ki, Kiyev ölkənin Şərqində baş verən prosesləri Rusiyanın hərbi müdaxiləsi kimi qiymətləndirir. Hətta bunsuz da digər ölkələr Ukrayna-Rusiya müstəvisində baş verən prosesləri çox diqqətlə izləyirlər. Bunun da səbəbləri var. 
Birincisi, hamı düşünür ki, Ukrayna Gürcüstan deyil, az qala Avropanın mərkəzində yerləşən böyük ölkədi və Avropa ölkələri, xüsusən də ki, ABŞ Moskvanın burada at oynadıb, meydan sulamasına imkan verməz.
İkincisi, Ukrayna kiçik bir Çeçenistan deyil, hətta o, Əfqanıstan da deyildir və bu xalqın Rusiya ilə hərbi qarşıdurmaya girməsi üçün bütün imkanları var və Kiyev ən böyük səhvi onda etdi ki, 90-cı illərdə nüvə silahından imtina etdi, özü də bir-iki milyard dolların müqabilində! 
Amma bu heç də o demək deyil ki, Kiyevin Moskvaya hərbi dirəniş göstərməsi mümkün deyil – yox, Kreml Ukraynaya qarşı nüvə silahı tətbiq edən deyil, o ki qaldı adi müharibə resurslarına, bunun üçün Kiyevin bütün inkanları var.
Burada onu da qeyd etmək lazımdır ki, elə Azərbyacan da İkinci Qarabağ savaşındakı qələbəsilə çox mifləri dağıtdı. Birincisi, ermənilər Rusiya hərbi texnikasından istifadə edir, Rusiyanın hərbi taktikasını tətbiq edirdilər. Nəticəsi nə oldu? Ağır, hətta çox biabırçı məğlubiyyət! 
İkincisi, Bakı da göstrədi ki, Minsk Qrupunun düz otuz ildə edə bilmədiyini cəmi otuz gündə də etmək olar. Ukraynadakı nizamlanma prosesi də "Minsk razılaşması” adlanır və yumşaq şəkildə deyək ki, bu heç də yaxşı bir əlamət deyil – nəyə olmasa da, otuz il ərzində buna əmin olduq...
Hüseynbala Səlimov