Xəbər lenti

Ruslara hansı Rusiya lazımdır?..
Hüseynbala Səlimov
Siyasət06:53 06.08.2021

Ruslara hansı Rusiya lazımdır?..

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Rusiyada siyasi tarix üzrə mütəxəssislər iddia edirlər ki, ölkələrinin parlamentarizm tarixi az qala gedib qədim Novqoroda çıxır. Əlbəttə ki, bu, aşkar şişirtmədir. Əslində Rusiya parlamentarizm ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb. Məhz ötən əsrin əvvəllərində ilk Dövlət Dumaları təsis edilməyə başladı. Çox maraqlıdır ki, onların heç biri fəaliyyətini nəzərdə tutulan vaxtlarda başa vurmadı, hamısı vaxtından əvvəl çarın əmrilə buraxıldı.
O vaxtdan yüz ildən artıq vaxt keçib. Amma Rusiyada parlamentarizm otuz il bundan əvvəl bərpa olundu, özü də böyük problemlərlə. Bu səbəbdən də ölkədə demokratiya islahatları hələ də yerində sayır, çünki o, elə də böyük demokratiya ənənələrinə malik deyil.
Stabil hakimiyyət və bir də idarə olunan ölkə - son illərdə Rusiya yalnız buna nail ola bilib. 
Ona görə də söhbət növbəti parlament seçkilərindən düşəndə siyasi müşahidəçilər ən yaxşı halda buna ironiya edirlər.
Əlbəttə, Aleksey Navalını həbs olunmasaydı, hər şey başqa cür ola bilərdi. Bu adam Rusiyanın siyasi gerçəkliyinin bir aynasıdır. V.Putin hakimiyyəti bu adama qarşı daha nələr etməyib?! Onu zəhərləyənləri tapıb cəzalandırmaq əvəzinə Navalnının özünü həbs etdilər!..
İmkan daxilində biz Rusiyadakı prosesləri izləməyə çalışırıq. Yadımıza gəlir ki, bu yaxınlardaca bu ölkədə F.Dzerjinskinin heykəlinin öz əvvəlki yerinə qaytarılması müzakirə edilirdi. O vaxt Rusiya politoloqlarından biri indiki Rusiya hakimiyyətini çekistokratiya adlandırdı və düz də etdi!
Rusiyanı həmişə onu idarə edənlərin adı ilə çağırıblar. Son illərdə də bu boyda ölkəni xarici siyasətçilər və diplomatlar "Putin Rusiyası” adlandırır.
Rusiya hökmdarları, o cümlədən də V.Putin "Böyük Rusiya” ideyasının əsiri və fanatıdırlar. Amma böyük dövlətlərin böyük də problemləri olur – sinergetik metodlarla sübut olunub ki, onlar çox çətin idarə olunur və bu səbəbdən də Rusiya nadir ölkələrdən biridir ki, hələ də onun perspektivilə bağlı pozitiv yəqinlik yoxdur. Bütün demokratik senarilər bu ölkə üçün parçalanmaya gətirib çıxarır...
Ona görə də sərt hakimiyyətlə idarə olunmaq Rusiyanın siyasi taleyidir. Aleksey Navalnı maraqlı siyasətçidir və onun parlament seçkilərimdə iştirakı çox maraqlı olardı. Amma V.Putin bu məsələyə nöqtə qoydu. O haqlıdırmı? Ola bilsin, fövqəldövlət maraqları nəzərindən o həqiqətən də haqlıdır – Ruisya kimi nəhəngi demokratik prosedurlarla idarə etmək çətin məsələdir. 
Amma Putin və komandası bir məsələdə haqlı deyil: bu məsələləri bir dəstə adam yox, xalq həll etməlidir və məhz xalq bəyan etməlidir ki, ona hansı Rusiya lazımdır? Amma xalq adından xalqdan xəbərsiz danışmaq əsl Rusiya ənənəsidir. Ona görə də fikirləşmək ki, sentyabr seçkilərində maraqlı nəsə olacaq, bu, tamam mənasız bir məsələdir.
Putin çoxdan özünün siyasi sxemini formalaşdırıb. Bu sxemə görə, sistem müxalifəti və sistemdənkənar müxalifət var. Sonuncu nəinki ölkə cəmiyyətindən təcrid olunur, hətta siyasi və yuridik yolla təqib olunur.
Amma buradan maraqlı bir məqam var. Əgər siz problemləri həll etmirsinizsə, bu o demək deyil ki, onlar yox olur, yox, onlar toplanmaqda və artmaqda davam edirlər. Nə vaxtsa Rusiyada da demokratik islahatlar uğrunda mübarizə başlayacaq və o vaxt aydın olacaq ki, bəs bu xalqa hansı Rusiya lazımdır?
Hazırda bu sualın cavabını bir adam "bilir”, daha doğrusu, guya bilir. Əslində isə o, özünü və hakimiyyətini qorumaqla məşğuldur. Bu adamın da adı Putin Vladimir Vladimiroviçdir...