
Rüstəm Cəbrayilov: "Allah Rusiya və ABŞ siyasətçilərinin cəzasını versin"
Qısa arayış: Rüstəm Cəbrayılov 8 iyun 1986 ildə Ukraynanın Luqansk şəhərində azərbaycanlı ailəsində anadan olub. İlk dəfə modellik karyerasına Rüstəm 2005-ci ildə başlayıb. 2006 ilin noyabr ayında Azərbaycanın xalq artisti Aygün Kazımovanın rəhbərliyi altında "The Best Model Of Azerbaijan 2006" milli model müsabiqəsinə qoşulub və bu yarışın qalibi olub. 2006 ildə Azərbaycanı dünya yarışmasında təmsil etmək müəyyən səbəblərdən ona qismət olmadı. Amma buna baxmayaraq, 2007 ilin noyabrında milli model müsabiqəsi olan "The Best Model Of Azerbaijan 2007" keçirildi. Rüstəm ikinci səfər bu yarışmaya qoşuldu. Bu yarışıda uğurla başa vurub yarışın qalibi olub, müsabiqənin əsas mükafatını qazandı və elə 2007 ildə Azərbaycan dövləti adından Türkiyəyə nüfuzlu beynəlxalq model yarışması olan "Best Model of the World 2007" yarışmasına vəsiqə qazandı. 2007 ilin dekabrında İstanbul şəhərində keçirilən "Best Model of the World 2007" yarışmasının 90 ölkədən olan iştirakçıları arasında birincilik tituluna layiq görüldü.
14 iyun 2010-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə köçür. Modellik aləminin tam incəliklərini öyrənmək üçün Nyu Yorkun xüsusi modellik məktəbinə daxil olur.
- Bu sual bəlkə də bu vaxta qədər verilən ən çox suallardan biridir, amma yenə xahiş edərdik oxucular üçün modellik kareyraranın başlanması haqqında məlumat verəsiz. Necə oldu modellik karyerana başladın?
- Modellik karyerasına çəkildiyim ilk reklamdan sonra bir model agentliyinə mənim dəvət edilməyim ilə başladı. Bundan sonra fikirləşdim o zamanlar ən populyar yarışlardan hesab olunan "Best model of Azərbaycan" yarışmasına qatılım. Həmin yarışda birinciliyi əldə edəndən sonra bu işə daha da ciddi yanaşdım
- 2007-ci ildə "The Best Model of the World" yarışmasında qalib oldun. 21 yaşlı bir gənc olaraq dünya mediası səndən yazırdı. Həmin anlar nə hiss edirdin?
- Həqiqətəndə özümü dəyərli və cəmiyyətimiz üçün yararlı bir insan hiss etdim. Həmişə belə bir istəyim olmuşdu. Həmin gün uğurun zivəsində olduğumu hiss etdim... Gözəl hisslər idi, hər kəsə arzu edirəm
- Bu vaxta qədər neçə reklam çarxında çəkilmisiz?
- Bu vaxta qədər dəqiq deyə bilmərəm, amma onu deyə bilərəm ki, çəkildiyim reklamların sayı çoxdur.
- Dünya birincisi olandan 1 il sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib, müəllim işləməyə başladın. Bu sənin öz seçimin idi, ya daha modelliklə bağlı təkliflər almadığın üçün ixtisasın üzrə işləmək qərarına gəldin?
- Praktikalarım var idi, ondan sonra da müəllim kimi çox qısa müddətdə fəaliyyət göstərdim. Bu işə öz həvəsim var. Amma təəssüf olsun ki, bu işlə gələcəkdə qurmaq istədiyim həyatda çox irəliləyə bilməyəcəkdim. Buna görə də ixtisasım üzrə işləməkdən imtina etdim.
- "The Best Model of Azerbaijan" 2006, 2007-nin və "The Best Model of the World 2007"-nin qalibi olan insana şagirdlərin, məktəb kollektivinin münasibəti necə idi?
- Münasibət əla idi. Hamı dərsimdə iştirak edirdi. Amma bir problem var idi ki, dərsdə mövzu coğrafiyadan başqa hər şey olurdu (gülür).
- Bir müddət əvvəl ABŞ-da New Yorkun Times meydanındakı ekranlarda çəkildiyin reklam çarxı yayımlanmışdı və səhv etmirəmsə, ilk reklam çarxın isə Bakı metrosunda yayımlanıb. Yəqin ki, hər ikisinə özün də tamaşa etmisən. Bakı metrosundakı və Times meydanındakı reklamlarına baxanda hansı hissləri keçirirdin? fərqlər nə idi?
- Bu işlə məşğul olduğum üçün, ciddi yanaşdığım üçün, özümə inamım və insanların mənə olan inamını doğrultduğum üşün özümlə qürur hissləri keçirdirdim. Əlbətdə ki, ilk azərbaycanlı olaraq Nyu Yorkun mərkəzində, hətta dünyanın mərkəzində plakatların, reklam löhvələrinin, avtobusların üzərində şəkillərimi görəndə çox xoşbəxt idim.
- Hazırda Azərbaycanda modellik sənətinin inkişaf tempini necə dəyərləndirirsən?
- Digər sahələr kimi bu sahədə də inkişaf artıq nəzərə çarpacaq dərəcədə olmasa da, amma müşahidə olunur. Yavaş - yavaş öz tempində inkişaf edir Əlbətdə ki, bu işin inkişafı yalnız modelin cəhdlərindən asılı deyil. Təbii ki, bu sahənin inkişafında öz şəxsi təşkilatlarımızın, yerli brendlərin, dizaynerlərin rolu böyükdür. Hələki modellik yaxşı inkişaf edib, ancaq digər sahələr inkişafdan geri qaldığı üçün ümumi işin gedişini ləngidir.
- Azərbaycanda modellik kursu, agentliyi açmaq və ya belə bir yarışma təşkil etmək fikrin varmı?
- İnşallah gələcəkdə. Buna indi hələ nə vaxt, nə zaman, nədə ki, şərait imkan verir. Amma gələcək planlarım da var.
- Ölkədəki mental dəyərləri nəzərə alsaq, sən qalib olanda və ya bu sahə ilə məşğul olacağınla bağlı qərar verəndə, ailən və ətrafın tərəfindən hansı reaksiyalarla qarşılaşdın?
- Əslində bu suala cavab vermek istemirem. Ancaq onu deyim ki, mən elə əvvəl də Rüstəm Cəbrayılov idim, indi də. Sadəcə o zamanlar ada işləyirdim, indi isə adım mənə işləyir. Mentalitetlə də bağlı heç vaxt problemim olmayıb.
- 27 il əvvəl dünyaya gəldin Ukrayna indi müharibə meydanına çevrilmək üzrədir. Buna münasibətin necədir? Ordakı prosesləri izləyirsənmi?
- Onu bilirəm ki, bu böyük dövlətlərin oyunun nəticəsində baş verən proseslərdir. Bütün bunlar əvvəldən düşünülüb. Heç bir şey göründüyü kimi deyil. Əzab çəkən isə ancaq sadə insanlardı... Allah Ukraniyalıları qorusun, Rusiya ve Amerika siyasətiçilərinin isə cəzasını versin...
- Hazırda çəkildiyin reklam çarxları və ya qatıldığın kastinqlər varmı?
- Hazırda çəkildiyim çəkilişlər çoxdur. İnşallar iş üzə çıxanda təqdim edərəm. Çünki mən gördüyüm işlərlə gündəmdə olmağı xoşlayıram.
Sizə də mənə və mənim işimə verdiyiniz dəyərə görə təşəkkür edirəm.
Ve sonda həmişə olduğu kimi məni izləyən insanlara təşəkkür edirəm. Hər birinizi Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Pərviz Əzimov














