NATO bu həftə nüvə təlimlərinə başlayıb. Təlimin məqsədi sülhü qorumaq, vəziyyətin gərginləşməsinin qarşısını almaq, həmçinin, xüsusən də Rusiya tərəfindən təcavüzün qarşısını almaqdır.
Qaynarinfo xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Rütte xatırladıb ki, bu bazar ertəsi, oktyabrın 14-də NATO ölkələri 60-dan çox hərbi təyyarənin iştirak etdiyi illik nüvə təlimlərinə başlayacaqlar.
"Bu, bizim hazırlığımızı vurğulayan illik təlimlərdir və Rusiya bunu bilməlidir”, deyə NATO-nun baş katibi vurğulayıb.
Xatırladaq ki, oktyabrın 14-də Şimali Atlantika Alyansı "Steadfast Noon” təlimlərinə başlayıb. NATO-nun nüvə qarşısının alınması tədbirləri hər il həyata keçirilir.
"Stadfast Noon” təliminə səkkiz hərbi-hava bazasından 2000 hərbçi və müxtəlif tipli təyyarələr, o cümlədən nüvə başlığı daşıya bilən təyyarələr, bombardmançılar, qırıcı müşayiətçilər, tankerlər və kəşfiyyat və radioelektron mübarizə apara bilən təyyarələr daxildir.
Builki təlimə ilk növbədə ev sahibliyi edən Belçika və Niderland üzərində uçuşlar, həmçinin Danimarka, Böyük Britaniya və Şimal dənizi üzərindəki hava məkanı daxildir. Təlimin planlaşdırılması bir il əvvəl başlayıb və təlimdə iştirak etmək üçün 13 müttəfiq ölkə təyyarə göndərəcək.
Nizami Bağırov
Şərhlər