
Adı “Ded Xasan”ın qətlində hallanan dörd qafqazlıdan yalnız azərbaycanlı “qanuni oğru” azadlıqdadır
İtaliyada azərbaycanlı kriminal avtoritet 38 yaşlı Rövşən Canıyevin (“Lənkəranski”) mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədlərin saxtalaşdırılması ittihamı ilə axtarışa verilməsi kriminal aləm üçün adi xəbərdir. Amma bu, “Lənkəranski”nin İnterpol xətti ilə ilk axtarışı olduğu üçün Azərbaycan mətbuatının diqqətini çəkib.
Uzun müddətdir harada yaşadığı dəqiq bilinməyən “qanuni oğru”nun məhz İtaliya məhkəməsinin xüsusi qərarı ilə axtarışa verilməsi də suallar yaradır.
Bu ilin yanvarın 16-da Moskvada Aslan Usoyanın (“Ded Xasan”) qətlindən sonra əsas hədəfdə olanlardan biri də məhz “Lənkəranski” olub. “Ded Xasan”ın qətlindən sonra azərbaycanlılar da daxil “oğru dünyası” qismən daha təhlükəsiz ölkələrə üz tutmağa məcbur oldular. Bu ölkələr sırasında Yunanıstan, BƏƏ, Türkiyə, Macarıstanla yanaşı İtaliya da var. “Rövşən Lənkəranski”nin əsasən Dubayda olduğu bildirilsə də, son vaxtlar “oğru sxodka”larını Türkiyədə keçirdiyi barədə də məlumatlar vardı. Onun İtaliyada axtarışa verilməsi iyunun əvvəllərində Avropada “qanuni oğru”lara qarşı keçirilən əməliyyatla birbaşa bağlılığı olduğu şübhə doğurmur. Çünki həmin əməliyyatda həbs edilən “oğru dünyasının generalları”ndan olan Merab Canqveladze vaxtilə “Rövşən Lənkəranski”yə çox yaxın olub. Onlar uzun müddət bir kastada təmsil olunublar. Təsadüfi deyil ki, “Ded Xasan”ın qətlində bu günədək də ən çox onların adı hallanır.
Qeyd edək ki, İnterpol və Avropol Budapeştdə birgə xüsusi əməliyyatı zamanı Merab Canqveladze (“Merab Suxumski”) ilə yanaşı daha 19 “qanuni oğru” saxlanmışdı. Xüsusi əməliyyatda İtaliya, Çexiya, Fransa, Macarıstan, Litva və Portuqaliyanın xüsusi xidmət orqanları iştirak etmişdi Əməliyyat və təhqiqatın təşəbbüskarı isə İtaliya xüsusi xidmət orqanları olub.
Rusiya KİV-lərinin xəbərlərində deyilirdi ki, “Merab Suxumski” Rusiyaya ekstradisiya edilməyəcək və ona İtaliyada baş verən qanun pozuntularına görə ittiham veriləcək.
Qeyd edək ki, “Ded” in qətlində suçlanan dörd qafqazlı - Tariel Oniani, Merab Canqveladze və Cemal Mikeladze hazırda həbsdədir. Onların arasında ələ keçməyən hələ ki “Lənkəranski”dir.
“Oğru dünyasının” ən nüfuzlu simaları - “böyük qardaş” - Hikmət Muxtarov (“Sabirabadlı Hikmət”) və Məmməd Hüseynovun (“Masallı Mamed”) ölümündən sonra azərbaycanlı “qanuni oğru”lar sırasında “Lənkəranski”nin adı ilk sırada gəlir.
1975-ci il təvəllüdlü Rövşən Canıyevin kimliyi barədə Azərbaycan mətbuatında çox yazılıb. Onu kriminal dünyada ön sıraya çıxaran atasının qatilini məhkəmə zalında güllələməsidir. 17 yaşındakı gəncin atasının qatilini nümayişkaranə öldürməsi kriminal həyata “əla” qiymətlə başlamaq demək idi. Ona görə məhkəmə Canıyevə cəmi iki il iş kəsdi...
Rövşən Canıyev 2000-ci ildə kriminal aləmdə tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. Canıyevin özü də bu davada ciddi psixi travmalar alır. Məhkəmə-psixi ekspertizanın qərarı ilə Canıyev müalicəyə göndərilir və ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır. Bir müddət sonra Canıyev yoxa çıxır. 2002-ci ildə DİN onun barəsində beynəlxalq axtarış elan edir.
Məlumatlara görə, ona “qanuni oğru” adını dövrünün ən tanınmış “vor zakon”u - nardaranlı Mirseymur (Abdullayev) verib.
2008-ci ilin fevralında Kiyevdə həbs edilən R.Canıyev Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də “Rövşən Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə “qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır.
2010-cu ildə “Ded Xasan” a ilk sui-qəsd edilir və həmin vaxt Kiyevdə olan R.Canıyev saxlanılır. Sui-qəsddən sonra yenidən Moskvaya qayıdan Canıyev “Ded”ə müxalif olan Cemal Mikeladze ilə əlaqələrini möhkəmləndirir. Canıyev müttəfiqləri ilə “oğru masasını” Dubaya köçürür.
2012 və 2013-cü illərdə “Lənkəransi”yə sui-qəsd olması barədə xəbərlər yayılsa da, sonradan təsdiqlənməyib.
Bir müddət əvvəl Rusiya mətbuatı yazmışdı ki, “Merab Suxumski” də “Ded” tərəfdarları ilə anlaşmağa çalışır və mümkündür ki, Canıyev qurban verilsin.
“Merab Suxumski”nin həbsindən sonra “Lənkəranski”nin axtarışa verilməsi bu baxımdan da ciddi suallar doğurur. // musavat.com
Qaynar.info