Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş milli komanda ilə görüşüb.
Federasiyanın mətbuat xidmətindən Qaynarinfo-ya bildiriblər ki, görüşdə S.Babayev Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə birinciliyinin gümüş medalçısı Ruslan Qədirov (54 kq), bürünc mükafatçılar Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərovu (67 kq) nailiyyətləri münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıb.
Sahil Babayev bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq və Avropa çempionatında təmsil olunduğumuz 7 çəki dərəcəsində 4 medal qazanmaq yüksək nəticədir. ABF prezidenti vurğulayıb ki, yığmamız U-22-lərin yarışında standart müəyyənləşdirib. Növbəti yarışlarda da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün gözəl ənənənin təməli qoyulub.
Federasiya prezidenti görüləcək bütün tədbirlərin ana xəttində məhz 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının dayandığını bildirib. O, Olimpiadada da boksçularımızın qızıl medal qazanmaqla idman tariximizdə yeni səhifə açacağına inam ifadə edib. S.Babayev, həmçinin Poreçdə çıxış etmiş idmançıların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıb.