Son vaxtlar vəhşi heyvanların kəndlərə hücum çəkməsi adiləşib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, növbəti belə hadisə Salyan rayonunun Qırxçıraq kəndində baş verib.
Belə ki, həmin kəndin sakini İbrahim Məmmədova məxsus atın balasını canavarlar parçalayıb. Təsərrüfat sahibi evdən bir qədər aralıda bağladığı ata baxmaq istərkən balasının canavarlar tərəfindən parçalandığını görüb.
Kənd sakinləri bu cür hadisələrin əvvəllər də olduğunu bildirirlər. Ancaq canavarların ovlanması qadağan olduğundan onlara qarşı mübarizə aparmaq mümkünsüzdür.
Bununla bağlı rayon baytarlıq idarəsinə məlumat verilməsə də ərazi icra nümayəndəsi məlumatlandırılıb.
Qeyd edək ki, Qırxçıraq kəndi bir neçə dəfə canavarların hücumuna məruz qalıb və bunun müqabilində sakinlərə xeyli ziyan vurub.
Qaynar.info


