Xəbər lenti

Sanksiyalar effektiv deyil: "ABŞ Rusiyanın məhvini istəmir"
Dünya07:14 26.08.2023

Sanksiyalar effektiv deyil: "ABŞ Rusiyanın məhvini istəmir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ Rusiyanın məhvində maraqlı deyil. Ona görə də Rusiyanın parçalanacağını gözləmək mənasızdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Almaniya XİN rəhbəri Annalena Berbokun Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyaların effekt vermədiyi barədə səsləndirdiyi fikri şərh edərkən deyib. 
"ABŞ Rusiyanın tam dağılmasında maraqlı deyil. Çünki Çin amili var. Çin iqtisadi, siyasi, hərbi və ideoloji cəhətdən sürətlə irəliləyir. Çin ABŞ-ı yaxın gələcəkdə keçə bilər. ABŞ da bundan çəkindiyindən Rusiyanı məhv etmək niyyətində deyil”, deyə Cümşüd Nuriyev qeyd edib.
Həmsöhbətimizə görə, Qərb ölkələri daxilində birliyin olmaması da Rusiyaya qarşı sanksiyaların effekt verməməsinə gətirib çıxarıb: 
"Avropa İttifaqı, xüsusən də Almaniya Rusiyaya qarşı sanksiyalardan özləri də çətin vəziyyətə düşüblər. Almaniya sanksiyalara qədər ucuz xammalı Rusiyadan alırdı. Almaniyanın 80 milyon, bütün müsəlman dünyasının isə 1,5 milyard əhalisi var. Buna baxmayaraq, Almaniya bütün İslam dünyasının istehsal etdiyi məhsuldan 3 dəfə çox məhsul istehsal edir. Bu istehsal üçün ucuz xammalı isə Almaniya Rusiyadan alırdı. İndi isə ondan məhrum olub. Bütün bunların fonunda da Avropada həyat bahalaşıb”. 
Politoloq bildirib ki, bəzi Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına çalışırlar. Digər tərəfdən, Cümşüd Nuriyev düşünür ki, Rusiyaya qarşı sanksiyaların bu ölkəyə elə də ciddi zərər vurmaması, Moskvanın əvvəlcədən prosesə hazırlıqlı olması ilə bağlıdır: 
"Sanksiyalara məruz qalan dövlətlər başqa çıxış yolları axtarır. Rusiya da Qərbdə itirdiklərini başqa istiqamətlərdə kompensasiya etməyə çalışır və bu yolda müəyyən uğurlar da əldə ediblər. Dünya resurslarının 21 faizi Rusiyadadır. İran 44 ildir sanksiyalar altındadır. Kuba keçən əsrin 60-cı illərindən sanksiyalar altındadır. Amma hər ikisi də ayaqdadır. Ona görə də Rusiyanın sanksiyalarla yıxılacağını gözləməyinə dəyməz. Almanlar da bunu yaxşı başa düşür. Bu müharibədə udan tək ABŞ-dır. ABŞ təkcə Avropaya silah satışından ildə 300 milyard avro gəlir götürür”. 
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyaların effekt verməməsindən təəssüfləndiyini bildirib. O, Rusiyaya qarşı məhdudiyyətlərin gözlənilən iqtisadi nəticə vermədiyini qeyd edib. Berbokun fikrincə, avtokratik rejimlərdə demokratiya məntiqi işləmir: "Bu müharibəni sivil hökumətlərin rasional qərarları və raional tədbirləri ilə bitirmək olmaz”. 
Rüfət Sultan