Hüseynbala Səlimov
Nisbətən mütərəqqi rus yazarlarını - siyasi publisistlərini oxuyanda adamda belə təsəvvür yaranır ki, onlar postsovet ölkələrilə bərabərhüquqlu və dinc əməkdaşlığın tərəfindədirlər. Amma hətta bu müəlliflər belə post-sovet ölkələrində qəbul edilmiş hər hansı qərarla və ya atılmış hər hansı bir addımla bağlı ironiya etmək üçün fürsəti əldən vermir və ilk imkanda belə bu ölkələri qamçılayırlar.
Buna bənzər bir hadisə elə ötən həftənin lap əvvəlində oldu. Bəli, prezident Qurbanqulu Berdimühəmmədov ölkənin müstəqillik gününü 27 oktyabrdan 27 sentyabra keçirdi.
Rusiyalı müəlliflər bunu dərhal tutdular və işarə vurdular ki, bu, prinsipcə, izah olunan bir hadisədir, çünki əslində türkmənlərin nə real müstəqilliyi var, nə də bununla bağlı bayramları!
Odur ki, onlar özlərinin "müstəqillik günü”nü ilin istənilən günündə bayram edə bilərlər.
Həqiqətən də belədirmi? Əlbəttə, qismən belədir. Türkmən cəmiyyəti çox etinasız sosiumdur. Amma burada bizim yadımıza bir detal düşür. Bir vaxt biz MDB cərçivəsində qəbul olunmuş sənədlərin toplusunu tərtib etməklə məşğul idik. Bu iş yarımcıq qaldı. Amma prosesin gedişində diqqətimizi bir detal cəlb etdi: MDB-nin üzvü olsa da, demək olar ki, bu ölkənin təmsilçisinin heç bir sənədin altında imzası yox idi...
Ona görə də demək olmaz ki, Türkmənistan tamam müstəqil dövlət deyil. Yox, məsələ belə deyil. Amma vəziyyət budur ki, bu ölkədə prezident dövlətin özü deməkdir – yaxşı halda o, nə qədər müstəqildirsə, dövlət də o qədər müstəqildir, çünki orta əsrlərdə olduğu kimi burada da dövlət başçısı "Dövlət mənəm” deyir.
Burada yaxın keçmişdən daha bir detal yadımıza düşür. Bəli, Türkmənistanın birinci prezidenti hansı oyunlardan çıxmırdı? O, hətta çörəyə belə öz anasının adını vermişdi!
Bu baxımdan indiki prezident nisbətən toya getməlidi, hərçənd, o da çox "orijinal” adamdır – hətta öz komandası qarşısında özünün "estrada musiqisi”lə çıxış edir.
Bəli, hakimiyyət qəliz məsələdir. Deyirlər ki, o, insanları korlayır. Post-sovet ölkələrindən yalnız Baltik respublikaları müstəqil və azad ola bildilər. Digərləri haqqında bunu demək olmur. Burada müəyyən qədər Rusiyanın da payı var. Moskva ətrafındakı qeyri-demokratik rejimlərə dəstək verir, çünki anlayır ki, demokratik rejimlərlə ona dil tapmaq çətin olacaq. Ona görə də rusiyalı müəlliflər post-sovet ölkələrindəki avtoritar rejimlərin genezisi haqqında düşünsəydilər, yaxşı olardı...
Elə Rusiya özü də onlardan az fərqlənir. Məsələ bundadır ki, o da burjua inqilabı və inkişaf etmiş kapitalizm dövrünü keçə bilməmişdi. Türkmənistan kimi ölkələrdən isə danışmağa dəyməz – onlar feodalizmdən sosializmə adladılar. Ola bilsin, belə mülahizələr artıq bir qədər köhnəlib, amma aydın olanı budur ki, tarix sıçrayışları sevmir.
Belə mülahizə də var ki, Asiyanın post-sovet ölkələrindəki avtoritar liderlər müsbət rol oynadılar. Onlar bu ölkələrə dini radikalizmin yolunu bağladılar. Əlbəttə, regionda baş verən hadisələrin, xüsusən də Əfqanıstanın fonunda bununla razılaşmamaq olmur. Amma hər şey hələ də irəlidədir və dini radikalizm – fanatizm təhlükəsi bu ölkələr üçün tamam sovuşmayıb, baxmayaraq ki, onların düz 100 illik dünyəvi dövlət təcrübəsi var.
Biz bu regionun geosiyasi detallarına varmayacağıq. Yalnız bunu qeyd edəcəyik ki, onlar Qəzzafi dövrünün Liviyasını xatırladırlar. Türkmənistanın da büdcəsini neft və qaz formalaşdırır. Bu ölkənin ilk prezidenti də Qəzzafi kimi özünün "siyasi konsepsiyasını” yaratmış və ona "Ruhnamə” adı vemişdi. Sonuncu türkmənlər üçün yeni din rolunu oynamalı idi.
Türkmənbaşıdan sonra bu ölkədə çox az şey dəyişdi, çünki sistem xarakterli dəyişikliklər olmadı – Saparmurad getdi, Qurbanqulu gəldi...