Xəbər lenti

Savaşda doğulan uşaqlar... - FOTOLAR
Dünya13:33 30.03.2016

Savaşda doğulan uşaqlar... - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu körpələr amansız vətəndaş savaşının tüğyan etdiyi ölkədə doğulublar. Dünyaya göz açandan bəri də əzab, aclıq, məşəqqət çəkiblər. Onlar vətəndaş savaşının viran qoyduğu Yəməndə acından ölməməyə çalışan valideynlərin övladlarıdır.

Uday Feysəl belə körpələrdən biri idi. O, 5 ay əvvəl Yəmənin paytaxtı Sənanın cənub həndəvərində, Hazyaz məhəlləsində doğulub. Hazyazda yoxsullar yaşayırlar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın zərbələr vurduğu məkanlar arasında Hazyaz da var.

Vətəndaş savaşı başlanandan bəri Yəməndə aclıq, bahalaşma və qıtlıq tüğyan edir. Balaca Udayın valideynləri yoxsul olduqlarından normal qidalana bilmirlər.

Bu səbəbdən də Uday balaca skeletə bənzəyirdi.

O, anası İntizar Həzzamla birlikdə Sənadakı "Əl Səbeen" xəstəxanasında idi.

Uday dünənədək ağlayır, hıçqırırdı. Onun ağzından və qulaqlarından sarı maye axırdı. 

Dünən balaca Uday keçinib.

26 milyonluq əhalisi olan Yəmən dünyanın ən yoxsul ölkələrindən biridir. Vətəndaş müharibəsi başlanana qədər Yəmən ərzağa olan ehtiyacının 90 faizini idxal hesabına ödəyirdi.

İndisə vəziyyət lap pisləşib.

Udayın atası Feysəl Əhmədin dediyinə görə, veteran olduğu üçün ayda təxminən 180 dollar təqaüd alır. Bu pulla o, arvadı və 9 övladı yaşamalıdırlar.

Feysəlin uşaqlarının ən kiçiyinin 2, ən böyüyünün 16 yaşı var.

Feysəl Əhmədin dediyinə görə, gündə bir dəfə yeyirlər: "Yeməyimiz qatıq və çörəkdir. Yaxşı günlərdə noxud olur".

İntizar Həzzamın sözlərinə görə, yarıac olduğundan Udayı yemləyə bilməyib.

Yəməndə vətəndaş müharibəsi başlanandan bəri minlərlə uşaq acından ölüb.//milli.az

Qaynar.info