Bakıda Yeni ildə Şaxta Baba olmaq üçün 3 nəfər müraciət edib. Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: "Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta Baba və Qar Qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.
Bəs Bakıda Şaxta Baba və Qar Qızlar nə qədər qazanır? Bu suala cavab tapmaq üçün Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırova müraciət etdik. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasına bildirdi ki, onlar sadəcə həmin şəxslərin bu fəaliyyət növü ilə məşğul olması üçün xüsusi icazə verir:
"Bu, bizim maraq dairəmizdə deyil. Onların nə qədər qazandıqlarını, ancaq vaxtilə Şaxta Baba və Qar Qız kimi fəaliyyət göstərmiş şəxslərdən öyrənə bilərsiniz. Hansı şəxslər bu işlə məşğul olmaq istəyirlərsə, fəaliyyət müddəti və yeri ilə bağlı bizə müraciət edirlər, 60 manat dövlət rüsumunu ödədikdən sonra, biz onlara xüsusi icazə veririk. Həmin müddətdə isə onlar nə qədər qazanırlar, az və ya çox, yaxud ümumiyyətlə qazanmırlarsa, artıq bunun bizim quruma heç bir aidiyyatı yoxdur".
Araşdırmalarımız zamanı bəlli oldu ki, Bakıda Şaxta Baba və Qar Qız kimi fəaliyyət göstərənlər gündəlik təxminən 17-20 manat qazanırlar. Onların aylıq qazancı 500-700 manat arasında dəyişir. Şaxta Baba və Qar Qızlarla şəkil çəkdirmək 3 manatdır.
Çingiz Səfərli