Xəbər lenti

Şəhid anası məni oğluna oxşadır
Ölkə10:25 30.01.2014

Şəhid anası məni oğluna oxşadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yazar Oğuz Ayvaz "Axar.az" saytının "İş adamı" layihəsi üçün “Sədərək”də satıcı işləyən Mustafa ilə görüşüb söhbətləşib. Qaynar.info həmin yazını təqdim edir.

Bir tikə çörək
 
- Əslində, bu işə marağım olmayıb. Ali məktəbə qəbul ola bilməyəndən sonra pərdə-tül mərkəzində satıcı işləməyə başladım. Təxminən 2 ilə yaxın burada çalışdım. Sonra Moskvada işləyən atamın xəstə olduğunu və Bakıya gələcəyini eşitdik.

Atam çox ağır vəziyyətdə idi. Həkimlər 5-6 ay vaxt qoymuşdular. Ailəmizin də maddi vəziyyəti get-gedə ağırlaşırdı. Həkimlərin ümidsiz sözləri mənə əzab verirdi. Buna baxmayaraq, yenə də işləyir, evə bir tikə çörək gətirə bilirdim.

Hərbidən qaçmaq istədim
 
Bir gün mənə çağırış vərəqəsi gəldi. Heç getmək istəmirdim. Çünki bu vəziyyətdə ailəmi buraxmağım məhvimiz demək olardı. Amma başqa yol da yox idi.
 
Ön cəbhədə düşmənlə aramızda bir neçə metr məsafə var idi. Gecələr çox çətin olurdu. Qaçmaq istəyirdim. Bir gün atamın ölümünü eşitdim və məni bir-iki günlük məzuniyyətə buraxdılar. Atamın dəfn mərasimini keçirdikdən sonra hərbi hissəyə qayıtdım. O ağır günlərdə komandirim mənə dəstək oldu, bu fikrimdən daşındırdı.
 
Mən evə qayıdanda ailəmizin vəziyyəti yaxşı deyildi. Yenidən işləməyə başladım.  

Dua edirik ki...

Bura mənim deyil. Əlbəttə, öz yerim olsa, daha yaxşı olardı. Ancaq nə çarə ki, hələ kirayədir. İnşallah bir gün öz yerim də olar. Kirayə obyekt işlətmək çox çətindir. Dua edirik ki, müştərilərimiz çox olsun, həm bizə bir şey qalsın, həm də buranın yiyəsinə.

Alver nə vaxt yaxşı olur?

Şənbə-bazar günləri, məktəb mövsümündə yaxşı alver olur. Bir də toyların şıdırğı vaxtında, bayram günlərində. Bax bu gün hələ ki, 6 müştərim olub. “Min bərəkət”,- deyib şükür edirik. Məhərrəmlik və Qurban bayramlarında isə demək olar ki, heç müştəri olmur.

Cavan Zeynallı gəlmişdi

- Bura məşhur adamlardan Cavan Zeynallı, Toppuş bacı (Tünzalə Əliyeva), “Yeni ulduz”un qalibi Xalid Hacıyev, Rəhim Rəhimli, Xuraman Əlizadə kimi sənətçilər gəlir. Cavan Zeynallı çox səmimi təsir bağışladı. Toppuş bacını burda görəndə mənə o qədər maraqlı gəldi ki, o biri müştərilər yadımdan çıxdı. Xuraman, Rəhim, Xalid isə qiymətlərlə maraqlandılar.


Mübahisələr də olurmuş

Əlbəttə, müştərilərimlə mübahisələrim də olub. Daha çox qadınlarla ünsiyyətdə olmaq çətindir. Arada bir sevgililər gəlir yanıma. Qız sevgilisinə yüz dəfə paltar dəyişdirir, oğlan da heç nə deməyib dəyişir. Axırda qız heç birini bəyənmir. Bir də görürsən, qız bəyənir, oğlan bəyənmir. Belə şeylər adamı sıxır.

 
Yadıma gəlir, 45 köynək satmışdım və o gün mənim ən unudulmaz günüm idi. Kişilərə paltarı qadınlar alır. Yeniyetmələr problem yaratmadan alver edirlər, ən əsas xanımlar, yaşlı qadınlar qiymətə görə, malın keyfiyyətinə görə çox uzadırlar və sonra da məni borclu çıxarır, paltarı üstümə atıb gedirlər.

Şəhid anası məni oğluna oxşadır

Daimi müştərilərimdən biri də şəhid anasıdır. Deyir, səni oğluma oxşadıram. Hər dəfə bura gələndə məni öpüb bağrına basır. O gəlib-gedəndən sonra saatlarla özümə gələ bilmirəm.


Nazim Hikmət möhtəşəmdir

Boş vaxtım çox olmur, ancaq olanda kitab oxuyuram. Xüsusilə də türk ədəbiyyatını bəyənirəm. Nazim Hikməti, Orxan Vəlini oxumuşam. Nazim Hikmət möhtəşəm şairdir. Bizimkilərdən Aqşinin, Qismətin adını eşitmişəm, ancaq hələ vaxt tapıb oxuya bilməmişəm.

Musiqiçi olmaq istəyirdim

Keçən il İstanbula getmişdim. Oradan Bakıya paltar gətirəcəkdim. Azərbaycan brendləri, malları, heç nədir, sıfırdır. Türkiyə biznesi, istər dizidə, istərsə də paltar məsələsində bizdən qat-qat üstündür. İstanbulu görmək ən böyük arzularımdan idi və bu istəyimə çatdığıma görə Allaha şükür edirəm. Ümumiyyətlə, Bakıda insanlarla işləmək çox çətin və yorucudur. Min cür insan görürsən, kimisi zəhlətökən olur, kimisi də adam kimi adam olmur. Ancaq yenə də işimdən razıyam, əvvəl musiqiyə marağım çox olub, musiqiçi olmaq ilk arzum idi. Ancaq nə edək ki, bu bir xəyal olaraq qaldı. Belə də pis deyil...


Qaynar.info