Ötən həftə haqqında yazıdığım dostum - şəhid Vüsal Kazımovu xatırlayırsınız yəqin. Mənimki də sualdır?! Kim unudar ki, şəhidini?
Məni ən çox onun xanımı Ayselin mərd, dik dayanması qürurlandırırdı. Aysel özünü nə qədər güclü, ayaq üstə bərk dayanan görsətsə də, içində necə qırılğan, həssas olduğunu bilirəm. Bu günlərdə Aysel içinin hıçqırtılarını bir yazıya tökmüşdü. Onu - Vüsalı anladan ən gözəl cümlələr... Sözügedən yazını sizə təqdim edirəm. Vüsalı bir də xanımı Aysel Kazımovadan dinləyək:
"Vüsalla tanışlığımız 2014 cü ilin, hardasa, mart ayına təsadüf edir. Universitetdə bir müəlliməmin təkidi ilə tanış olmuşduq.
Universitetlə vidalaşacağım son ilimdəydim. Müəllimələrdən biri gəlib dərsdən icazə alıb, məni çölə çıxardı:
- Vüsal gəlib, səni görmək istəyir.
- Siz nə danışırsız, ay müəllimə? Belə şeyi adama bu cür deyərlər?! Mən özümü hazır hiss etmirəm heç nəyə.
Bir xeyli danışdıqdan sonra müəllimə məni onunla kəlmə kəsməyə razı sala bildi. Heç yadımdan çıxmır, tərcümə laboratoriyasına qalxan pilləkənin dəhlizində, əynində cins şalvar, ağ ayaqqabı, ağ köynək olan sarı saçlı oğlanın arxası bizə tərəf dayandığını gördüm. Üzünü mənə çevirəndə gözlərinin yaşıl olduğunu görüb özümdən asılı olmayaraq: "Ay Allah, xoşlamadığım oğlan tipi. Yox, bizimki alınmaz", - düşündüm. "Ondan xoşum gəlmədi”, - deyib, kobudcasına cavab da verə bilməzdim. Ən azından bu hərəkət mənə qarşı da edilsəydi, xoşlanmazdım. Qərara gəldim ki, bir-iki kəliməlik qısa dialoq ilə söhbəti bitirim.
- Salam, Aysel xanım.
- Salam.
- Adımın Vüsal olduğunu yəqin bilirsiniz.
- Bəli, bilirəm.
- Yəqin ki, bura niyə gəldiyimi də bilirsiniz.
- Bəli, bilirəm.
- Çox istəyərdim, fikrinizi öyrənim.
- Mən axı sizi tanımıram. Sizə bələd də deyiləm. Mən sizə nə "hə", nə də "yox" deyə bilərəm.
- Əlbəttə, mən indi heç sizdən cavab da tələb edə bilmərəm. Haqqım yoxdu buna. Ən azından bir-birimizi tanımağımıza yardımçı olmağınızı çox istəyərdim.
- Mən fikrimi müəlliməyə deyərəm, o çatdırar sizə.
- Oldu, sağ olun.
- Siz də sağ olun, - deyib, müəllimənin yanına qalxdım. Təkidlə oğlanı xoşlamadığımı bildirəndə, müəllimə tələsməməyimi, onu tanımaq üçün zaman verməyimi xahiş etdi. Sosial şəbəkələrin birində bir neçə gün sonra əlaqə qurduq. Söhbətləşib, danışdıq bir müddət. Zaman keçdikcə, hər şey dəyişdi, o, həyatımın elə bir hissəsinə çevrildi ki, artıq "mənim düşündüyüm oğlan tipi deyil" cümləsinin üstündən qalın bir xətt çəkdim. Anladım ki, insan müəyyən düşüncə və fikirlərindən əl çəkə bilir.
18 oktyabr 2014-cü ildə ailə qurduq. 2015-ci ildə qızım dünyaya gəldi. 2020-ci il ikinci qızım dünyaya göz açdı. Günlərin birində "Aysel, mən şəhid olsam, nə edərsən" deyə soruşanda "Bu barədə düşünmək belə istəmirəm", - dedim. Bilmirdim ki, gün gələcək, xəyallarını qurduğu Şəhidlik zirvəsi bir gün reallığa çevriləcək...
21 sentyabrda hərbi təlim çağırşı ilə Lənkəran şəhər hərbi komissarlığına yola düşdü... İşdən gəlib, geyimini dəyişdi. Bir tikə çörək yedi. Tez hamı ilə sağollaşdı.
Bircə qanadı çatmırdı uçmağa. Yola düşdü. Getdiyi ilk gündən əlaqəmiz oldu. Gündə bir dəfə də olsa, mütləq zəng vurub uşaqlar ilə danışırdı. Hətta bir dəfə telefonda doluxsundu ki "Aysel, şişirəm e, uşaqlar üçün. Ürəyim partlayır daha. Telefonu ver Nuraya. Başladı Nurayla danışmağa: "Nuray dərslərini yaxşı oxu. Ata gələndə sənin üçün hədiyyə gətirər. Gələrəm, səni bərk-bərk qucaqlayaram, yatarıq. Telefonu qoy bacının qulağına. Aynur, ay Aynur, ata de, a-ta. Ata sizin ikinizi də öpür".
Və beləcə, 26 oktyabrda zəng edib telefonda dedi ki, yerimizi dəyişirlər. Zəng çatmasa, narahat olmayasız. Yerləşək, özüm mütləq imkan tapan kimi zəng edəcəm. Bir gün, üç gün, beş gün. Artıq içimizi yeyən o qurdlar bizi narahat etməyə başladı.
Gəzmədiyimiz yer, baxmadığımız xəstəxana, şəhid, yaralı, itkin siyahısı qalmadı. O qədər "görmüşük, sağdır" deyən oldu ki.
Gün gəldi - 26 noyabr. 1 ay. Yerə, göyə sığmıyan 1 ay. Gözümüz yollarda, əlimizdə telefon. Və 29 noyabr. Heç bir cümləyə sığışdıra bilməyəcəyim 29 noyabr... Gəldi. Büsbütün, tam olaraq gəldi. Arzusuna çatdı gəldi. Sonradan bildik ki, könüllü olaraq, xidmətə yazılıbmış.
Bir neçə gün bundan öncə yuxuda gördüm ki, "Mən sağam, gəl qəbrimin üstünə" deyə çağırır məni. Getdim. Ürəyimi boşaltdım, onu dinlədim, gəldim.
Daha təsəllim qara daşlar, ümid yerim, ziyarətgahım bu qara torpaqdır. Sevgidən gəlib torpağa qovuşanım, torpaqdan yaranıb torpaq uğrunda can verənim, igidim, şəhidim, fəxr yerim, qibləm, qibləgahım, səni bir ömür özümdə, övladlarımızın gözəl əməllərində yaşadacağam. Sən də bizi unutma…”
Çinarə Ömray