İsmayıllı-Qəbələ avtomobil yolunun 4-cü km-də (eləcə də, Xanəgah kəndindən bu məsafədə), sağ hissədəki palıd, vələs, ağcaqayın ağaclarının və yemişan, böyürtikan, əzgil kollarının əhatəsində qədim qəbirstanlıq qalıqlarına rast gəlinir.
İri çaydaşlarından, kristallik şist parçalarından ibarət olan bu qəbir daşları illər ərzində yuyulan, qazılan torpaq kütləsinin axını, qırılan ağac gövdələrinin yıxılması, ən əsası isə baxımsızlığın və laqeydliyin nəticəsində artıq yox olmaq təhlükəsi ilə üzləşib. Yoldan 10-15 metr aralıda salınmış bu qəbirstanlıqda keçən əsrin 60-cı illərinədək qəbirlər salamat qalmışdı. Sonrakı dövrdə 35 km-lik İsmayıllı-Qalacıq qaz xəttinin çəkilişi, 1982-ci ildə Xanəgah kəndi yaxınlığındakı "Qız qalası” dağından İsmayıllı şəhərinə 11 km-lik içməli su kəmərinin çəkilməsi, 1980-ci ildə Qəbələ hərbi bazasına mərkəzləşdirilmiş kabel xəttinin inşası həmin qəbirstanlığın dağılması üçün səbəblər sırasındadır. Bu zaman azı 100-dən çox qəbir daşları yerlə-yeksan edilib və meşə sahəsində izləri itirilib.
Həmin qəbirstanlıqda Xanəgah kəndinin yalnız bir sakini - Veysəl kişi öz vəsiyyətinə görə dəfn edilib. 5-ci Qafqaz İslam Ordusunun indiki İsmayıllı rayonunun (o zaman Şamaxı qəzasının) ərazisində şəhid olmuş döyüşçülərinin bu qəbirstanlıqda dəfn olunduğuna görə el arasında "Şəhidlər piri” adlanmasını Xanəgah kənd sakinləri Sərxan Şıxı oğlu Mahmudov (1933), Nəbi Sarı oğlu Abdullayev (1895-1968), Səməd Mirzəmməməd oğlu Camalov (1927) söyləyiblər.
1918-ci ildə Xanəgah kəndinin 25-30 evi olub, onlar da qazma-torpaq binələr olub, Ax-ox çayının sağ sahilində. Kəndin indiki yeri meşə ağacları, kol-kos sahələri ilə sıx örtülü idi, ovçular bu yerlərdə maral ovlayıblar.
"Şəhidlər piri”ni öz vəsaiti hesabına abadlaşdırmaq istəyən Türkiyə Cumhuriyyətinin Malatya vilayətindən gələrək İsmayıllı rayonunda sahibkarlıqla məşğul olan Ziya Şahin (o, 2015-ci ildə rayonu tərk edərək vətənə dönüb) istəyini reallaşdıra bilməyib.
Qismət Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi