Şəmşad Ağa ictimai qeybətlə məşğuldur?

Şəmşad Ağa ictimai qeybətlə məşğuldur?

Şəmşad Ağa
Arqument.Az-ın baş redaktoru
 
Bir neçə gün öncə müsavatçıların qapalı qrupunda bir müzakirəyə qoşulmuşdum. Kimsə Vahid Qazinin 2014-cü ildə başqan seçkiləri ilə bağlı bir yazısını paylaşmışdı. Həmin yazıya şərh yazmışdım: "Deyilənə görə, bu Vahid Qazi 2003-cü ilə seçkilərində İsa Qəmbərin əleyinə bəyanat yayan QHT-lərin sırasında yer alıb". 

Mənbə istəyənlərə həmin dövrün mətbuatına baxmağı tövsiyə etmişdim, çünki o dönəmdə internet yox idi. İki gün sonra Vahid bəy mənə yazdı, iradını bildirdi, aramızda qısa və səmimi bir polemika oldu. Bildirdi ki, mənimlə bağlı hər hansı bir məlumatı dəqiqləşdirməyə ehtiyac olarsa, özümə yazın. Haqlı idi, özünə yazmalı idim, amma bunu qapalı qrupda yazdığımdan nəsə ehtiyac duymamışdım. Sağ olsun ki, özü aydınlaşdırdı.

Vahid Qazi mənə yazandan sonra o dövr hadisələrin mərkəzində olan iki həmkarımızdan da (Şahvələd Çobanoğlu və Zamin Hacı) soruşdum. Hər ikisi belə bir halla qarşılaşmadıqlarını dedilər. Hətta Şahvələd bəy israrla 2003-cü ildə belə bir hadisənin olmadığını dedi. Bunu ona görə yazıram ki, Vahid bəyə digər iradım 2008-ci ilin Prezident seçkiləri ilə bağlı hazırlanmış hesabatla bağlı idi. Hesabatın axırıncı abzasında 2008-ci il prezident seçkilərinin qüsursuz, ideal seçki olduğu bildirilirdi. Hətta bununla bağlı hesabatın linkini və Vahid bəyin cavabını da həmin müzakirədə şərh yerində paylaşmışdım. 

Bu gün Vahid bəy yenidən mənə yazdı və bildirdi ki, inboxuna çoxlu suallar ünvanlayırlar. Məsələyə ictimai münasibət bildirməlidir. Hətta "istəsəniz, saytınızda da dərc edə bilərsiniz" dedi. Dedim ki, bu, sizin hüququnuzdur. Göndərdi, oxudum. Vahid bəy yazısında iddia edir ki, Şəmşad Ağa ictimai qeybətlə məşğuldur. Oxuduqdan sonra israr etdim ki, mənə yazdığı cavab yazınızı öncə arqument.az-da dərc edək. Sağ olsun, etiraz etmədi. Yalnız arqument.az-da dərc edildikdən sonra bloqundan paylaşdı. Halbuki bunu etməyə də bilərdi, necə ki mən etməmişdim... Vahid Qazi əksər yazılarını bloqunda yazır, bizim isə saytımız var. Ona fikirlərini ifadə etmək üçün tribunanı da biz tanımalıyıq. Peşəkarlıq budur... 

Qayıdaq 2008-ci il seçkilərinə...

Bu seçkiləri səhv etmirəmsə, Qross "İlham Əliyev üçün su olmayan hovuzda üzmək" kimi xarakterizə etmişdi. Bu seçkiləri qüsursuz və demokratik adlandırmaq İsa Qəmbərin əleyhinə yazmaq və hansısa sənədi imzalamaqdan pisdir. Kaş, İsa Qəmbərin əleyhinə yazaydı, amma bu sənədə imza atmayaydı. Çünki seçki şəxsi deyil, ölkənin tale-yüklü məsələsidir... Əgər Vahid bəy bu məsələyə də münasibət bildirsə, saytımızda dərc edəcəyik, baxmayaraq ki, onun 2008-ci ildəki mövqeyində qalıb-qalmaması da bizə aydın deyil, amma fərq etməz. Onun dərc etmək kimi bir problemimiz yoxdur, olmayıb da...

İndi gələk müsavatçılara...

Müsavatın qapalı qrupunda gedən müzakirələrin public paylaşılmasının əleyhinə olmuşam, hətta özümə yaxın bildiyim dostlara, müsavatçılara da iradımı bildirmişəm, inciyənlər də olub. Amma "qapalı qrupda gedən müzakirələri paylaşmaq etik deyil" deyənlər bu gün özləri məlumat ötürürlər. Baxmayaraq ki, buna görə başqalarını təhqir də ediblər, aşağılayıblar da, az qala antimüsavatçı da adlandırıblar... 

Vahid Qazinin həmin yazısında Arif Hacılı dəstəklənir. O üzdən məlumatın da qapalı qrupdan çıxması və mənə cavab verilməsinin xahiş, yoxsa "tələb" edilməsi kimlərin arzu və istəyinin olmasını dartışmağa ehtiyac yoxdur. İndi sual yaranır ki, bəs başqaları paylaşanda niyə təhqirə məruz qoyulur? 

Müsavat başqan seçkilərinə gedir və bu seçkilər ictimaiyyətin diqqətdindədir. Hətta ictimai şəxslər Müsavatın başqanı kimi kimisə görmək istədiklərini açıqlayanda bu, aqressiya ilə qarşılanır, xalqın partiyasını xalqın müzakirəsinə vermək tabusu qoyulur... Artıq Müsavatda bu yanaşma hakim olmaqdadır: hansısa namizədi dəstəkləyirsənsə, kimisə aşağılaya, təhqir edə bilərsən və məhz ona görə "düzsən", amma digərinə görə səhv... 

Qısa və daha vacib qeyd

Bir neçə gün öncə Aydın Canıyev Yadigar Sadıqlı ilə bağlı bir yazı yazmışdı. Özü də həmin yazını təzadlı təbrik adlandırmışdı. Yazıda gah Yadigar bəyin müsbət məziyyətlərindən söhbət açmış, gah da Arif Hacılı ilə müqayisədə aşağılayıcı ifadələr seçmişdi. Hətta o yazıda mənim adım çəkildiyindən şərhdə qısa polemikamız da oldu. Amma yazıda diqqətçəkən başqa bir nüans vardı. 

Aydın Canıyev yazırdı ki, Müsavatın indi radikal başqana ehtiyacı yoxdur, mənasız radikallıq axmaqlıqdır, ona görə də başqan Arif Hacılı olmalıdır. Hətta bir cümlədə qeyd etmişdi ki, radikal başqan hakimiyyətdən Müsavata ötürülən maliyyənin kəsilməsinə səbəb olacaq. Bu yazını əksər müsavatçılar, məsələn, Müsavatın mətbuat katibi Mustafa Hacıbəyli bəyənmiş, Zakir İsmayıl "bəzi məqamlarla razı olmasam da, yaxşı yazıdır" deyə paylaşmış, Müsavatın Zakir Qaralovu Osman Kazımov isə belə bir şərh yazmışdı: "Master klass".

Niyə? Çünki Arif Hacılı təqdir edilmişdi. Amma biri də soruşmamışdı ki, a kişi, bu nə iddiadır? Müsavata maliyyə ötürən kimdir? Axı təqdir etdiyin Arif Hacılı Müsavatın başqanıdır...

Mənzərə budur... 
XƏBƏRLƏR
BLOGLAR