
ADP sədri Sərdar Cəlaloğlu son günlər orduda rusiyapərəstlərin vəzifəyə gətirilməsindən narahatdır.
Bu barədə “Qafqazinfo” ya açıqlama verən partiya sədri bildirib ki, kadrların vəzifəyə təyin edilməsi onların əvvəlki xidmətləri ilə bağlı olmalıdır: “Yoxsa nə üçün Həsən yox, Hüseyni bu vəzifəyə qoyurlar? Bu gün biz baxırıq ki, Müdafiə Nazirliyində o adamları hakimiyyətə gətirirlər ki, həmin şəxslər bundan əvvəl Azərbaycan ərazilərinin işğal olunmasında adı hallananlardır. Hətta buna görə ittiham da olunurlar. Məsələn, yeni vəzifəyə gətirilən Elbrus Orucov Şuşanın, Laçının işğal olunmasında günahı olan adam kimi ittiham olunur. Bu adamı vaxtilə ordudan uzaqlaşdırdılar, indi isə ən yüksək postların birində vəzifəyə təyin etdilər.
Və yaxud da təsadüfi adamlar orduda ciddi postlara gətirilir. Ən adi birini ordunun tibbi təchizat şöbəsinə müdir qoyublar. Bu kimi çoxlu faktlar var ki, yüksək vəzifə verilmiş hərbçilərin tərcümeyi halına baxanda görürsən ki, ya qohumları Rusiyada yaşayır, ya da bu ölkə ilə əlaqələri var. Məsələn, Yanukoviç Ukrayna ordusunu elə bir vəziyyətə salmışdı ki, bu gün adicə 15- 20 nəfər əli silahlı adamlar aeportu və ya başqa yerləri tutur. Ordu demək olar ki, müqavimət qabiliyyətinə malik deyil ya da göstərmir”.
Partiya sədri bu cür halların Azərbaycan tarixində də acı nümunəsinin olduğunu vurğulayıb: “1920-ci ildə rus qoşunları Azərbaycanı işğal edərkən Çingiz İldirim Hərbi Dəniz Qüvvələrinin komanadanı təyin edilmişdi. Hansıki bu sahə Milli Ordunun ruslara qarşı mübarizəsində çox mühüm əhəmiyyətə malik idi. Dənizdən top atəşi ilə rusların qarşısı alınmalı idi. Amma Çingiz İldırım komandan kimi gecəylə topların hamısının açarlarını çıxartdırıb götürmüşdü və əmr veriləndə ki düşmənə atəş açılsın, məlum olub ki, top atəş aça bilmir. Çingiz İldırım özü də o vaxtkı Peterburqda təhsil almışdı. Rusiya agenti kimi gəlib milli hökumətin nazirliyində böyük vəzifə sahibi olmuşdu. Sonradan Rusiyanın Azərbaycanı işğal etməsində xidmətlərinə görə onun adı əbədiləşdirildi. İndi bizi də narahat edən budur ki, tariximizdən də görmüşük ki, həmin şəxslərin azərbaycanlı olmasına baxmayaraq Rusiya ilə əlaqəsi var. Öz vətəninə xəyanət edərək, lazım olanda ordunu tərksilah ediblər. Ukrayna nümunəsi də var ki, əksər ukraynalılar böyük və ya kiçik vəzifə tutmasından asılı olmayaraq nəinki Rusiyanın tərəfinə keçdilər, bir çoxları öz xalqıyla bərabər düşmənlə bir cəbhədə vuruşurdu”.
Sərdar Cəlaloğlu qeyd edib ki, bütün bunları nəzərə alıb prezident ali baş komandan kimi bu məsələyə nəzarət etməlidir: “Çünki belə gedəcəyi təqdirdə Azərbaycanda istənilən təhlükəli adam hərbçi kimi müəyyən əməliyyatlarda Azərbaycan dövlətini çox ciddi məğlubiyyətə uğrada bilər. Ona görə də milli təfəkkürü olmayan, keçmişində müəmmalı hallar olan hərbidə vəzifəyə gətirmək lazım deyil. Ola bilsin ki, prezident bu kadr islahatlarına nəzarət etmir. Amma şəxsən bizim fikrimiz ondan ibarətdir ki, bəzi kadrların yerləşməsində Elçibəyin də, Heydər Əliyevin də vaxtında, elə indi də Rusiya nəzarət edir. Rusiya müəyyən adamların vəzifəyə gətirilməsi üçün şərt qoyur. Çox şübhələnirik ki, Müdafiə Nazirliyində də bu təsir var. Bu da çox təhlükəlidir. Dövlət başçısı tərəfindən bu kadrların hansı xidmətinə görə vəzifəyə gətirilməsi barədə kifayət qədər inandırıcı şəkildə ictimaiyyətə məlumat verilsə, biz fikrimizi dəyişərik. Amma mənə elə gəlir ki, heç bir inandırıcı fakt olmayacaq. Mətbuatda da görürsünüz ki, hərbi ekspertlər son kadr dəyişikliklərinin ordu üçün təhlükəli olduğunu hesab edir”.
Qaynar.info