
Bakı Nəqliyyat Agentliyi tərəfindən ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin avtobuslarla rahat və təhlükəsiz gediş-gəlişinin daha da yaxşılaşdırılması məqsədilə daşıyıcılar qarşısında qoyulan növbəti tələb müntəzəm sərnişindaşımada istifadə edilən avtobusların Qlobal Mövqetəyinetmə Sistemi (“GPS”) qurğusu ilə təchiz edilməsi ilə bağlıdır.
Agentlikdən verilən məlumata görə, bu avadanlıqlar vasitəsi ilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq. Beynəlxalq təcrübədə geniş istifadə edilən “gps” izləmə sistemindən istifadə müntəzəm sərnişindaşımalarda dispetçer xidmətini avtomatlaşdırmaqla bu sahəyə nəzarəti daha da gücləndirəcək.
Bundan əlavə, gün ərzində şəhər mərkəzinin küçə və prospektlərindən, eləcə də kənd və qəsəbələrdən keçən 2000-dən artıq avtobusda quraşdırılacaq “gps” izləmə cihazı vasitəsi ilə emal olunan informasiyalar əsasında nəqliyyat axınının cari vəziyyəti barədə məlumatlar da qeydə alınacaq, dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcəklər.Qaynarinfo.Az